"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, ötən gün Azərbaycan və Ermənistan prezidentləri arasında Avstriyanın paytaxtı Vyanada növbəti görüş baş tutdu. Ümumiyyətlə, görüşün son nəticəsi ilə bağlı hansı fikirləri söyləmək olar?
- Biz son bir neçə il ərzində beynəlxalq münasibətlərdə yeni keyfiyyət dəyişikliklərini müşahidə edirik. Biz bu dəyişikliyin başlanğıcı kimi 2008-2009-cu illərdə Avropada baş verən iqtisadi-maliyyə böhranını göstərə bilərik. Beləliklə, ötən əsrin 90-cı illərindən bu yana formalaşmaqda olan yeni dünya düzəninə əlavə impluslar, keyfiyyətlər daxil oldu. Son dövrdə isə regionda və dünyada baş verən proseslər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bu prespektivdən baxmağı şərtləndirdi.Diqqət yetirsək görərik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yüksək səviyyədə baş tutan son görüş 2 il öncə olub. Təbii ki, bu illər ərzində bir passivlik hökm sürürdü. Bu həm regionda, həm də dünyada baş verən proseslərlə bağlı idi.Ötən gün Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyanada baş tutan görüşünə gəlincə deyə bilərəm ki, biz burada irəli sürülən pozitiv bəyanatların şahidi olduq. Prezidentlərin görüşündən sonra qərar alındı ki, bundan sonrakı mərhələdə problemin sülh şəraitində həll olunması üçün DQ münaqişəsi ilə bağlı danışıqlara yeni təkan verilsin. Əlbəttə ki, bu, olduqca normal və Azərbaycan tərəfinin maraqlarına uyğun bir mövqedir. Biz istəyirik ki, ən qısa zamanda ölkəmiz bu problemi həll etsin. Artıq nəzərə almalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın problemi deyil.Digər tərəfdən, problemi yaradan tərəf onu idarə edən tərəflə bərabər eləcə də post-Sovet məkanından kənarda olan hegemon güclər məsələnin həlli ilə bağlı pozitiv fikirlər səsləndiriblər. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin bəyanatı ilə tanış olmuşuq. Ümumilikdə, hesab edirəm ki, bu görüş danışıqları növbəti mərhələyə daşıyacaq. İstərdik ki, DQ münaqişəsi konkret sonluqla nəticələnsin. Çünki qloballaşan dünyada şərtlər get-gedə Azərbaycanın xeyrinə dəyişir. Ölkəmiz bu günə qədər həyata keçirdiyi siyasət sayəsində həm iqtisadi-siyasi baxımından mövqelərini gücləndirib, həm də regionun aktoru kimi qlobal hadisələrə nüfuz edəcək səviyyədə güclənib. Bu isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində baş tutub.
- Bildiyiniz kimi bu gün Qarakənd faciəsindən 22 il ötür. Azərbaycan siyasi xadimlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulması işğalçı ölkənin vəhşiliyini bir daha ortaya qoydu. Amma təəssüflər olsun bu hadisələrə beynəlxalq təşkilatlar hələ də göz yumur. Siz bu barədə nələr düşünürsünüz?
- Bu günə kimi Qarakənd faciəsi Azərbaycan tarixində qara ləkə olaraq qalır. Həmin hadisəni törədənlər, o dövrdə hələ də Azərbaycan xalqının səmimiyyətindən və etimadından istifadə etdilər. Düşünürəm ki, bu, bizə dərs olmalıdır ki, öz taleyimizi heç kəsə etibar etməməli və etimad göstərməməliyik. Bununla belə biz siyasətə sadəlöhvcəsinə yanaşmamalıyıq. Hesab edirəm ki, o dövrdəki hakimiyyətin içərisində olan vətənpərvər insanların hamısı düşünülmüş şəkildə bir vertolyotun içərisinə cəmləşdirildi. Sonradan isə onların Dağlıq Qarabağa səfəri təşkil olundu və oradaca erməni terrorunun qurbanı oldular.
Siyasətdə romantizm, idealizm və yaxud səmimiyyət olmur. Hesab edirəm ki, o dövrdə mərkəzi hakimiyyətə olan inancımız sonda bizim səhvimizə gətirib çıxardı. Bu, Azərbaycan dövlətçiliyi üçün çalışan siyasətçilərin və bizlərin hər biri üçün bir ibrət dərsi olmalıdır. Heç kimə sirr deyil ki, düşmən amansızdır. Bütün bunlara baxmayaraq onlar Azərbaycan xalqının siyasi iradəsini və mübarizə ruhunu qıra bilmədilər.
- Son olaraq müxalifət liderlərinin Müsavat Partiyasının başqanı İsa Qəmbərin və Cəmil Həsənlinin Avropaya səfər etməsinə, orada onların xoş qarşılanmamasına diqqətinizi yönəltmək istərdim. Siz necə düşünürsünüz, niyə hələ də ənənəvi müxalifət öz ampluasında xəyallar quraraq xarici dövlətlərdən özlərinə dəstək umur?
- Çox təəssüf ki, bəzi insanlar Azərbaycanda siyasətə düzgün baxmırlar və onu turizm kimi xarakterizə etməyə çalışırlar. Hesab edirlər ki, bunlar ortaya hər hansı bir siyasi ambisiya qoysalar, ayrı-ayrı ölkələrə onların səfərləri təşkil ediləcək. Təbii ki, bununla heç nə əldə etmək olmaz.Ayrı-ayrı ölkələrdə və beynəlxalq təşkilatlarda o siyasətçini dəstəkləyirlər ki, onun öz ölkəsində müəyyən elektratı və sosial bazası olur. Bu gün beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər hər nə qədər Azərbaycanı tənqid etsələr də ölkəmizdə hansı siyasətçinin necə nüfuza malik olduğunu çox gözəl dərk edirlər. Onlar Cəmil Həsənli, İsa Qəmbər və digərlərinin cəmiyyət arasında reytinqinin hansı səviyyədə olduğunu gözəl ayırd edə bilirlər. Hətta, cəmiyyət bu insanların Azərbaycan siyasətinin keçmişi olduğunu belə aydın sezə bilir. Eləcə də, bunlar Azərbaycan xalqının siyasi iradəsini təmsil etmirlər. Hətta, Cəmil Həsənlinin təmsil olunduğu Milli Şura içərisində onu nəinki lider kimi qəbul etmirlər, eləcə də adını çəkmək istəmirlər. Mən hələ də başa düşə bilmirəm ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər hansı üzlə xaricə səfər etmək istəyir? Bunlar sadəcə olaraq turistik səfərlərə hesablanıb.
sia.az