"Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. 1990-cı illərin əvvəlində Azərbaycanın dərin böhranla üzləşməsi ölkəni bu bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə məhz belə bir şəraitdə yarandı". Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, müdrik və uzaqgörən xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Ona görə də Heydər Əliyevin sədrliyi ilə bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq tezliklə Azərbaycanın bütün bölgələrində yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəsti-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi.
"O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı vardı. Bu lider Heydər Əliyev idi və Azərbaycanda hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Hazırda partiyamız Prezident İlham Əliyev rəhbərliyi ilə inkişaf edərək Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. Biz inanırıq ki, partiyamız gələcəkdə də yeni-yeni, möhtəşəm qələbələrə imza atacaq" - deyə, YAP İdarə Heyətinin üzvü qeyd edib.
sia.az