"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında baş tutan görüşün səmərəsiz olacağı Ermənistanın davranışlarına görə, əvvəldən hiss olunurdu". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.Mərkəz direktoru bildirib ki, iki illik fasilədən sonra ümid ilə gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü beynəlxalq ictimaiyyətdə məyusluq yaradıb: "Prezidentlərin görüşü ABŞ-ın səmimi aktivliyi, Fransa və Avropanın isə passivliyi fonunda baş tutdu. Türkiyə Dağlıq Qarabağ məsələsində özünün mövqeyini ABŞ-ın mövqeyi ilə eyniləşdirdi. RF prezidentlərin görüşünə "qalıq prinsipi" ilə yanaşdı və yaranmış vəziyyətdən istifadə edərək Ermənistanın Gömrük İttifaqına qoşulması prosesini sürətləndirdi. Bununla da Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsini yubatmağa ümid yaratdı. Görüşün səmərəsiz olacağı Ermənistanın davranışından əvvəldən hiss olunurdu. Azərbaycan prezidenti ilə görüşdən əvvəl Ermənistan prezidenti S.Sərkisyan Dağlıq Qarabağa səfər etdi. Əslində bu beynəlxalq ictimaiyyətə tüpürmək demək idi. S.Sərkisyanın həyasızlığı və beynəlxalq ictimaiyyətin laqeydliyi ona bu addımı atmağa imkan verir".Politoloq əlavə edib ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında Ermənistanın həmsədr ölkə prezidentlərinin 5 il əvvəl verdiyi bəyanatları qəbul etdiyini bildirdi: "Rəsmi Yerevanın prezidentlərin görüşünü effektsiz etmək üçün əsas hiyləsi də burada idi. Əslində həmsədr ölkə prezidentləri Dağlıq Qarabağ tənzimlənməsinə dair konseptual planı 5 il deyil, 4 il bundan qabaq ortalığa qoyublar. Akvil bəyanatı Ağ Ev tərəfindən yayıldı və Yenilənmiş Madrid Prinsipləri adlandı. 2008-ci ildə isə RF XİN-i həmsədr ölkə Xİ nazirlərinin 2007-ci ildə qəbul etdiyi variantı yaymışdılar. Ermənistan prezidenti S.Sərkisyan da erməni gəncləri ilə görüşərkən ATƏT MQ həmsədr ölkə prezidentlərinin məhz 4 il bundan qabaq və ondan üzü bəri yaydıqları bəyanatları Ermənistanın qəbul etdiyini bildirmişdi. Ermənistanın 5 il və ya 4 il bundan qabaqkı bəyanatları qəbul etməsi məsələsi tamam fərqli məsələlərdir. Bu fərqləri aradan qaldırmaq Kazan görüşündə alınmadı. Beləliklə, Ermənistan ikinci dəfə iflas Kazan görüşünə bənzər görüş yaratmağa cəhd etdilər".M.Əhmədoğlu vurğulayıb ki, ABŞ dövlət katibi C.Kerrinin S.Sərkisyana telefon zənginin məzmunu barədə ABŞ-dan və Ermənistan prezidentinin mətbuat xidmətindən yayılan məlumatlar xeyli fərqlənirlər: "Ermənistan prezidentinin mətbuat xidmətinin C.Kerri ilə telefon danışığına "belə əl gəzdirməsi" də S.Sərkisyanın tənzimləməyə hazır olmadığını göstərdi"."İki illik fasilədən sonra prezidentlər arasındakı aparılan danışığın cəmi 33 dəqiqə olması da görüşdə aparılan danışıqların məzmunu barədə hər şeyi deyir. Görüşün səmərəsiz alınması vasitəçilərin səriştəsizliyinin və məsuliyyətsizliyinin nəticəsidir. DQ tənzimləməsində vəziyyətdə dəyişikliyin alınması üçün vasitəçilər tənzimləməyə münasibətlərini dəyişməlidirlər. Həmsədrlər "yalnız sülh yolu ilə" və ya "dinc danışıqlar alternativsizdir" tezislərinə münasibətlərini dəyişməlidirlər. Bu terminlər Ermənistanda imitasiyaya xidmət edir, Ermənistanı tələsməməyə təhrik edir. Yalnız bu terminlər dəyişildikdən sonra Ermənistan real mövqe ortalığa qoyacaq. Vasitəçilər aşkarlığa və şəffaflığa riayət etməlidirlər. ABŞ-ın yeni həmsədri C.Urolikin fəaliyyətində ictimaiyyəti məlumatlandırmağa meyl var. Bu bütün həmsədrləri və onların məşğul olduğu DQ tənzimlənməsini də əhatə etməlidir. Tərəflərə təqdim olunmuş variantlar və tərəflərin bu variantlara və təkliflərə münasibətləri barədə hər iki ölkənin ictimaiyyətinin məlumatlandırılması məsuliyyətini həmsədrlər daşımalıdırlar. Həmsədrlər "danışıqlar stolunu" digər variantlardan, təkliflərdən təmizləməlidirlər. Danışıq stolunda yalnız müzakirə olunan variant qalmalıdır. Neçənci dəfədir ki, Ermənistan danışıqlar stolundakı çoxvariantlılıqdan istifadə edərək prezidentlərin görüşünü heçə endirir. Ermənistanın davranışından və həmsədrlərin verdiyi bəyanatdan bəlli olur ki, nəinki Madrid Prinsipləri və Yenilənmiş Madrid Prinsipləri, hətta 1997-98-ci illərdə tərəflərə təqdim olunmuş üç variant da indi danışıqlar stolundadır. Ehtimal ki, həmsədrlər danışıq stolundakı çoxvariantlılığı Ermənistana kömək məqsədilə saxlayırlar", deyə Mərkəz direktoru bildirib.Politoloq vurğulayıb ki, iki məsələ aşkar bəllidir: "Birincisi, Ermənistan haradan, nə miqdarda da olsa pul alsa da, iqtisadiyyatını qura bilməyəcək. Son illərin təcrübəsi bunu göstərir. Ermənistanın dövlət və qeyri dövlət borcu 7.5 milyard dollardır. İldən ilə borcu artır, iqtisadiyyatın inkişaf tempi aşağı düşür. İkincisi, Azərbaycan güclənir, vasitəçilər əlində olan səlahiyyətlə Azərbaycanın güclənməsinin qarşısını ala bilməyəcək, o cümlədən vasitəçilər Azərbaycanın hərb yolunu seçməsinə də maneçilik edə bilməyəcəklər".
sia.az