Bu gün Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə partiyanın Sabirabad rayon təşkilatında tədbir keçirilib.Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.Təşkilatdan SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rol oynayan Yeni Azərbaycan Partiyasının təsis olunmasından 21 il ötür.Nadir Quliyev partiyanın yaranma tarixi, 21 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verib, YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu bildirib.Tədbirdə çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda xalqın öz xilaskarı Ulu öndər Heydər Əliyevə üz tutduğunu diqqətə çatdırıblar.Tədbirdə qeyd edilib ki, YAP-ın yaranması, Ulu Öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidini möhkəmləndirdi. Bu gün ölkənin ən böyük və mütəşəkkil siyasi təşkilatı olan YAP qələbələr partiyasıdır və gənc nəsil partiyanın sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.Tədbirin sonunda partiyaya qəbul olunmuş yeni üzvlərə vəsiqələr və partiyanın ictimai-siyasi həyatında aktivliyinə görə bir qrup fəala fəxri fərmanlar təqdim olunub.
sia.az