PDF Oxu

Siyasət

  • 35

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ölkəmizin xilası naminə başladığı mübarizənin önündə getmişdir

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ölkəmizin xilası naminə başladığı mübarizənin önündə getmişdir

Lerik Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə partiyanın banisi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

YAP Lerik rayon təşkilatının sədr müavini Cəlil Baxşıyev partiyanın yaranması və keçdiyi yol ilə bağlı məruzə etmişdir. Qeyd olunmuşdur ki, 21 il əvvəl YAP möhtəşəm bir qüvvə kimi Azərbaycanın siyasi həyatına daxil olmuş və Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha mütəşəkkil xarakter almışdır.

Xatırladılmışdır ki, ötən əsrin 90-cı ilinin əvvəllərində Sovet imperiyasının süqutu ərəfəsində xalqımız böyük çətinliklərlə üzləşmiş, böyük itkilər hesabına dövlət müstəqilliyini bərpa etmişdi. Təəssüf ki, hakimiyyətə yiyələnmiş təsadüfü və bacarıqsız şəxslərin ambisiyaları və səhvləri ucbatından öz dövlətçiliyini və müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda hamının diqqəti yenicə qazanılan müstəqilliyi qorumağa, xalqı düşdüyü çətin vəziyyətdən qurtarmağa qadir olan böyük şəxsiyyət, zəngin idarəçilik qabiliyyətinə və təcrübəyə malik Heydər Əliyevə yönəlmişdi.

Azərbaycanın taleyini düşünən bir qrup ziyalı bu həqiqəti və inamı, xalqın iradəsini ifadə edərək 1992-ci il oktyabrın 16-da Yeni Azərbaycan Partiyasını yaratmaq və ona rəhbərliyi öz üzərinə götürmək xahişi ilə Heydər Əliyevə müraciət ünvanlamışdı. Ümummilli Lider Vətəninin və xalqının düşdüyü ağır vəziyyətə biganə qalmayaraq bu müraciətə müsbət cavab vermişdi.

Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirilmiş və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Ölkədəki ictimai-siyasi vəziyyət isə getdikcə pisləşir, qeyri-qanuni silahlı dəstələr yaradılır və böhran günü-gündən dərinləşirdi. Artıq ölkə idarə olunmaz həddə çatmışdı. Ayrı-ayrı bölgələrdə Azərbaycanı parçalamağa yönəlmiş separatçılıq baş qaldırmışdı.

Azərbaycan xalqı yeganə ümidini öz xilaskarı kimi Heydər Əliyevə bağlamışdı və onu təkidlə hakimiyyətə dəvət edirdi. Ümummilli Liderin 1993-cü ilin iyun ayında böhran içərisində olan Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqın arzusu və istəyi həqiqətə çevrildi. Ölkədə sabitlik bərpa olundu, separatçı qüvvələr və xəyanətkarlar zərərsizləşdirildi. Milli dövlət və ordu quruculuğu başlandı və çox keçmədən Azərbaycan inkişaf yoluna çıxdı.

Tədbirdə ölkənin xilasında və inkişafında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətlərindən, keçdiyi yoldan da geniş bəhs olunmuşdur. Qeyd edilmişdir ki, partiya Ulu Öndərin başladığı mübarizənin önündə getmiş, quruculuq işlərinə bütün qüvvəsi ilə daim dəstək vermişdir.

Vurğulanmışdır ki, leriklilər də Heydər Əliyevin ideyaları ətrafında sıx birləşərək 1993-cü il sentyabrın 19-da YAP-ın Lerik rayon təşkilatını təsis etmişlər. Hazırda YAP rayon təşkilatı 57 ilk təşkilatında 3 min 527 nəfər partiya üzvünü birləşdirir. 2013-cü ilin 10 ayı ərzində partiya sıralarına 143 yeni üzv qəbul olunmuşdur.

Yığıncaqda çıxış edənlər çətin şəraitdə yaradılan YAP-ın öz fəaliyyətində dünyəvi prinsipləri, müstəqillik və dövlətçiliyin qorunmasını, ədalətlilik və humanizmi, xalqın mənafeyini uca tutduğunu qeyd etmiş, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin leriklilərə göstərdiyi xüsusi qayğı və diqqətdən razılıqlarını ifadə etmişlər.

Toplantıda Azərbaycan Prezidentinə müraciət qəbul edilmişdir.

AzərTAc

Digər xəbərlər