Dünən YAP Nəsimi rayon təşkilatının Azərbaycan Dövlət Neft Akademiyası ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan ADNA-nın ərazi ilk partiya təşkilatının sədri Tamilla Naibova YAP-ın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O bildirdi ki, Azərbaycanın zəfər salnaməsinə qızıl hərflərlə yazılmış 21 noyabr tarixi hər birimizin yaddaşına həkk olunmuşdur. YAP-ın yaranma tarixinə qısa nəzər salan T.Naibova bildirdi ki, tarixi zərurətdən yaranan partiya çətin və şərəfli yol keçmişdir: "1992-ci ildə hökm sürən ağır vəziyyət, hərc-mərclik uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir şəxsin hakimiyyətə gətirilməsini tələb edirdi. Məhz belə bir vaxtda xalqın ziyalıları narahat oldular və Ulu Öndər Heydər Əliyev kimi siyasi xadimə müraciət etdilər. Müraciət 91 nəfərin imzası ilə 16 oktyabr 1992-ci ildə "Səs" qəzetində dərc olundu. Ulu Öndər müraciətə 8 gündən sonra cavab verdi və noyabrın 21-də şaxtalı bir gündə Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi".
O, qeyd etdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə partiya həyatında yeni dövrün başlanğıcı qoyuldu: "İctimai-siyasi fəaliyyətində böyük qələbələrə imza atan YAP bu gün öz sıralarında 650 mindən çox üzvü birləşdirir. Partiya monolit birliyə malik olmasını 9 oktyabr tarixində prezident seçkilərində bir daha sübut etdi. Bu gün ölkəmizin iqtisadi qüdrəti gündən-günə artmaqdadır. Böyük nüfuz dairəsinə sahib olan Azərbaycan dünya arenasında ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib, büdcəsi dəfələrlə artıb. Ulu Öndər Heydər Əliyev ideyaları, arzuları yüksək səviyyədə modifikasiya olunmuş şəkildə günün tələblərinə uyğun həyata keçirildi və bu gün də davam etməkdədir. Azərbaycan dövləti zənginləşir, daha da qüdrətlənir".
T.Naibova cəmiyyətimizdə nüfuzu ilə qüdrətlənən YAP-ın sıralarının günbəgün genişləndiyini diqqətə çəkərək, YAP-ın nəinki ölkənin və bölgənin aparıcı siyasi qüvvə olduğunu bildirdi:"Son iki ayda təşkilatımıza 30-dan artıq əməkdaş və tələbənin üzv olmaq üçün müraciət edib. Bu gün 21 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası həqiqətən onu sevənlərin, onun prinsiplərini qəbul edənlərin, ideyasına sadiq olanların partiyasıdır".
Tədbirdə çıxış edən ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvəyə çevrilib: "İntellektual səviyyəyə malik olan ziyalılar, dövlətçiliyə sadiq insanlar partiyada təmsil olunurlar.Ümumxalq partiyası olan YAP təmənnasız xidmətləri ilə öz töhfələrini verməkdədir. Ölkə Prezidenti İlham Əliyevin rəəhbərliyi ilə YAP daha da qüdrətlənir". Prorektor tədbir iştirakçılarını partiyanın yaradılmasının 21-ci ildönümü münasibətilə təbrik edərək, uğurlar arzuladı.
Tədbirin sonunda partiyaya qəbul olmaq üçün müraciət edənlərin ərizələrinə baxıldı və bir qrup gəncə partiya vəsiqələri təqdim olundu.
ZÜMRÜD