Elşad Mirbəşiroğlu: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Kiyev şəhərində keçiriləcək görüşündə irəliyə doğru addımların atılmasına ümid edirik"
Prezidentlərin Vyana görüşündən sonra Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin dekabrın 5-6-da Kiyev şəhərində növbəti görüşünün keçirilməsi nəzərdə tutulur. 2012-ci ilin yanvarında keçirilən Azərbaycan və Ermənistan prezidentərinin görüşündən keçən iki il sonra Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik müşahidə olunması problemin tənzimlənməsində ümidlər yaradır. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan prezidentləri iki ölkənin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etdirilməsini tapşırıb: "Bu baxımdan, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Kiyev şəhərində keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında irəliyə doğru addımların atılmasına ümid edirik. Yaxın aylarda prezidentlərin yenidən münaqişənin həlli ilə bağlı bir araya gəlməsi məsələsi var".
"Yəni, bu kimi görüşlərin keçirilməsi onu deməyə əsas verirmi ki, Dağlıq Qarabağ münaqişənin həlli üçün yeni imkanlar yaranıb" sualını cavablandıran politoloq bildirdi ki, ardıcıl olaraq bu cür dialoqların yaradılması müsbət bir haldır: "Lakin işğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarlı olmalıdır. Bunun üçün də Ermənistana ciddi təzyiqlər etmək lazımdır. Çünki Ermənistanın özünün müstəqil bir fikiri yoxdur".
"Sizcə, proseslərdən kənarda duran Rusiya münaqişənin ədalətli həllində maraqlı olacaqmı" sualını cavablandıran politoloq onu da bildirdi ki, Rusiyanın regionla bağlı maraqları var və post-sovet məkanındakı münaqişələrdən öz maraqlarını həyata keçirmək üçün istifadə edir. Bu baxımdan, gələcəkdə geosiyasi vəziyyətin hansı istiqamətdə inkifaş edəcəyi Rusiyanın mövqeyinə bu və ya digər formada təsir edə biləcək. Amma Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq üçün kifayət qədər böyük potensiallar var. Rusiya bu potensiallardan da yararlanmaq istərsə, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəkdir. Ümumiyyətlə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması istiqamətində əsas tərəflərdən biridir. Bu baxımdan da, beynəlxalq prinsiplərə əsasən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı olmalıdır".
GÜLYANƏ