PDF Oxu

Siyasət

  • 28

Qobustanda YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edildi

Qobustanda YAP-ın yaranmasının 21-ci ildönümü qeyd edildi

Respublikamızın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə bağlı silsilə bayram tədbirlər keçirilir. Dünən YAP Qobustan rayon təşkilatı Qobustan rayon icra hakimiyyəti ilə birgə partiyanın yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Gənclər Mərkəzində keçirilən tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısının müavini Allahyar Atakişiyev, YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, YAP fəalları iştirak ediblər.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev tədbiri açıq elan edərək əlamətdar bir hadisə - Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyinin ölkəmizdə təntənə ilə qeyd olunduğunu bildirib. Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının 21 il ərzində ümumxalq partiyasına çevrildiyini, Azərbaycanın inkişafı naminə çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. F.Güləliyev YAP-ın keçdiyi keşməkeşli yola nəzər salaraq bildirib ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib: "1990-cı ilin əvvəllərində Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Və çox sevindirici haldır ki, bu gün YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 600 mindən çox üzvü olan partiya geridə qoyduğumuz 21 ildə şərəfli və qüdrətli bir yol keçib. Tarixi zərurətdən yaranan YAP-ın ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər".

Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyətindən danışan təşkilat sədri vurğuladı ki, "Heydər Əliyev Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirərək, Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qurtardı. Heydər Əliyevin dahiliyi nəticəsində tamamilə yeni bir Azərbaycan yarandı. 21 ildə Azərbaycan 100 ildə keçəcəyi bir inkişaf yolunu keçmişdir".

Son prezident seçkilərinə toxunan təşkilat sədri bildirdi ki, aparılan uğurlu siyasətin nəticəsində 9 oktyabrda Azərbaycan xalqı seçkilərdə İlham Əliyevi yenidən prezident seçdi. O, qazanılan bütün uğurlarda YAP-ın üzvlərinin əvəzsiz payı olduğunu diqqətə çatdıraraq bu böyük qalibiyyətə görə təşəkkürünü bildirdi. F.Güləliyev çıxışının sonunda bildirdi ki, "Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olmuşdur. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiyanın bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi-demokratik dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd kimi qoyub və bu missiyanı ləyaqətlə həyata keçirir".

Tədbirdə rayon təhsil şöbəsinin müdir əvəzi Ənvər Qayıbova Ümummilli Lider Heydər Əliyevin yaradıcı, lakin çətinliklərlə dolu fəaliyyətindən və Azərbaycanı xilas etməsindən danışdı. Bildirdi ki, Ümummilli Liderin yürütdüyü düzgün, uğurlu siyasət nəticəsində Azərbaycan dirçəldi və bugünkü inkişaf səviyyəsinə çatdı. Ə.Qayıbov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulayaraq, hər kəsi əlamətdar hadisə olan Yeni Azərbaycan partiyasının 21-ci ildönümü münasibətilə təbrik etdi.

YAP Qobustan rayon təşkilatı qadınlar şurasının üzvü Zümrüd Şərifova YAP-ın 21 ildə keçdiyi zəngin yoldan, ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi özünü təsdiq etdiyindən, bu illər ərzində Azərbaycanın dövlətçilik sahəsindəki qələbələrinin hamısının YAP-ın fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin və əvəzsiz zəhməti nəticəsində əldə edildiyindən danışdı.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə və qadınlara partiya biletləri təqdim edildi. Tədbir konsert proqramı ilə davam etdi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər