Tərtərdə Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü qeyd olunub
Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Öncə tədbir iştirakçıları rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Rayon təşkilatının akt zalında işini davam etdirən tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi və demokratiyanın bərqərar olmasında mühüm rol oynayıb".
R.Şabanov bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzunun getdikcə artdığını bildirib: "Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib".
Rayon təşkilatının sədri, həmçinin onu da diqqətə çatdırıb ki, bu gün ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 mindən artıq üzvü birləşdirir: "Bu isə, təkcə statistika deyil, həmçinin, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan inamın ifadəsidir".
Təşkilat sədri bildirib ki, Yeni Azərbaycan Partiyasında Ulu Öndər Heydər Əliyevin missiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində İlham Əliyevin növbəti parlaq qələbəsi həm də YAP-ın zəfəridir".
Tədbirdə YAP Tərtər rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Adil Hüseynov, rayon təşkilatı gənclər və idman idarəsinin rəisi Elvin Umudov, rayon təhsil şöbəsinin müdir müavini Ağa Ələsgərov, İsmayılbəyli kənd İƏD-in nümayəndəsi Eldar Əsədov, rayon ƏSMM-in direktor müavini Xeyri Həcər və başqaları çıxış edərək ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlərin əldə olunmasında Yeni Əzərbaycan Partiyasının mühüm rol oynadığını bildiriblər. Çıxış edənlər bir daha vurğulayıblar ki, Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır, onun beynəlxalq aləmdə yeri və nüfuzu da getdikcə artır.
Yubiley tədbirinin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə fəxri fərmanlar təqdim olunub.
R.HÜSEYNOVA