Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin respublikamızın son illərdəki inkişafından bəhs edən "Azərbaycanı dəyişmiş on il (2003-2013)" kitabının müzakirəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, akademiyanın rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq akademik Ramiz Mehdiyevin yeni kitabının fundamental əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunur, Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, respublikamızın innovativ modernləşmə mərhələsinə keçidindən, uğurlu və davamlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində elmi cəhətdən əsaslandırılmış strategiyadan söhbət açılır.
Akademik Ramiz Mehdiyevin kitabının son 10 ildə yürüdülən siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan irəliləyişlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri, ölkənin elmi tərəqqiyə söykənən inkişaf tempi, forumlar platformasının mahiyyəti barədə dəyərli mənbə olduğunu qeyd edən rektor, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalqın müdrik seçiminin ölkəmizin hər bir sahədə inkişafına yeni müsbət impuls verdiyini vurğulamış və dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycanın daha böyük uğurlar qazanacağına əminliyini ifadə etmişdir.
Sonra tədbir digər çıxışlarla davam etdirilmişdir.
AzərTAc