Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə Kürdəmir rayon Gənclər evində konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə Heydər Əliyev parkında partiyanın yaradıcısı, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, Ulu Öndərin xilaskarlıq missiyasından, partiyanın cəmiyyətdə aparıcı rolundan danışmışdır.
YAP sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi, ictimai-mədəni sahələrdə qazanılan böyük uğurlardan bəhs edən A.Kərimli 2013-cü il prezident seçkilərində partiyanın vahid namizədi İlham Əliyevin xalqın mütləq səs çoxluğu ilə qələbəsindən iftixar duyduqlarını vurğulamışdır. Qeyd olunmuşdur ki, bu qələbə xalqın ümummilli lider Heydər Əliyev siyasətinə, onun siyasi varisi Prezident İlham Əliyevə dəstəyinin, inamının bariz nümunəsidir.
Konfransda YAP rayon təşkilatının şura üzvü Qasım Hüseynov "21 illik şərəfli yol", gənclər birliyinin sədri Namiq Tarverdiyev "Yeni Azərbaycan Partiyası zəngin irs, güclü lider deməkdir", qadınlar şurasının sədri Elmira Şıxəliyeva "Yeni Azərbaycan Partiyası qələbələr, uğurlar partiyasıdır", Əməkdar Müəllim Rəfail Məmmədov "Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı xoşbəxt gələcəyə aparacaq" mövzularında məruzə etmişlər.
Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Heydər Əliyevin öz xalqı qarşısında misilsiz xidmətlərindən, YAP-ın yaranması zərurətindən danışmışdır.
Sonda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunmuşdur.
AzərTAc