Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri, partiyanın fəal üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Mərasimdə YAP rayon təşkilatının idarə heyətinin üzvləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər, habelə ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
YAP rayon təşkilatının sədri Abil Ağasəfov bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini yenidən öz üzərinə götürməsi Azərbaycanın xilası və gələcək inkişafı yolunda taleyüklü rol oynamışdır. Olduqca çətin bir şəraitdə yaranan YAP-ın çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Partiyanın 21 ildə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar barədə danışan YAP rayon təşkilatının sədri ötən illər ərzində görülmüş işləri təhlil etmiş, ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrinin tarix tərəfindən təsdiqləndiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, ötən müddət ərzində partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənmiş, YAP xalqın dərin məhəbbətini və dəstəyini qazanmışdır. Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın misilsiz inkişafını təmin etməklə yanaşı, partiyanın cəmiyyətdəki alternativsiz qüvvə statusunu da möhkəmləndirmişdir.
Tədbirdə çıxış edənlər YAP-ın yaranması və inkişafı tarixindən, partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışmışlar.
Natiqlər YAP rayon təşkilatının fəaliyyətindən də ətraflı söhbət açmışlar. Qeyd olunmuşdur ki, bu gün onun sıralarında birləşən 5577 siyasi həmfikirin 3402 nəfərini kişilər, 2175 nəfərini qadınlar, 1952 nəfərini gənclər təşkil edir.
Tədbirin sonunda rayonunun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən partiya üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
AzərTAc