Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə Culfa rayonunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov geniş məruzə edərək bildirmişdir ki, partiya çox mürəkkəb bir tarixi şəraitdə yaradılmışdır. 1988-1992-ci illərdə ən mürəkkəb dövrünü yaşayan Azərbaycan bu müddət ərzində müstəqilliyini bərpa etmiş, lakin sonrakı proseslər ölkəni faktiki olaraq qarşısıalınmaz böhrana sürükləmişdir. Köhnə iqtisadi model çökmüş, idarəçilik prinsipləri dəyişmişdir. Yeni situasiyanı idarə etmək üçün prosesləri nəzarət altında saxlaya biləcək bir sistemin yaradılması isə mümkün olmamışdır. Eyni zamanda, ermənilər Dağlıq Qarabağda müharibəyə başlamış və Azərbaycan torpaqlarını işğal etmişlər. Şimalda və cənubda separatçı qüvvələr Azərbaycanı parçalamağa cəhd göstərirdilər. Bütün bunlar Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə bir şəraitdə, 1992-ci ildə ölkəmizdə böyük nüfuz sahibi olan 91 ziyalı həmin dövrdə Naxçıvanda yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə müraciət edərək onu Bakıya gəlməyə və bu böhrana son qoymağa, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə dəvət etmişdilər. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıtması bütün Azərbaycan xalqının istəyi, arzusu idi. Daim xalqını düşünən, onunla bir yerdə olan və ömrünün böyük hissəsini bu dövlətin inkişafına həsr edən ümummilli liderimiz Heydər Əliyev bu çağırışa müsbət cavab verdi. Lakin həmin dövrdə ölkəmizə "rəhbərlik edən" naşı siyasətçilər görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya gəlməsinə mane oldular və Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir.
Bildirilmişdir ki, 1992-1993-cü illərdə partiyanın yerlərdə rayon təşkilatı və özəklərinin yaradılması prosesi gedirdi. 1993-cü il fevralın 7-də partiyanın Culfa rayon təşkilatı yaradılmışdır. Həmin gün YAP Culfa rayon təşkilatının təsis konfransı dahi şəxsiyyət Heydər Əliyevin iştirakı ilə rayon mədəniyyət evində baş tutmuşdur. Konfransda 25 ilk ərazi təşkilatından 450 nümayəndə iştirak etmişdir. Ulu öndərimiz Heydər Əliyev konfransda çıxış etmiş, mövcud tarixi şəraitdən, yeni yaradılan rayon təşkilatı qarşısında duran vəzifələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, rayon təşkilatı yarandığı gündən ötən müddət ərzində Ulu Öndərimizin təsis konfransındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri, partiyanın tarixi qurultaylarının, muxtar respublika təşkilatının tarixi konfranslarının qərarlarını layiqincə yerinə yetirməyə çalışmışdır. Ötən illər ərzində rayon təşkilatı 9 konfrans keçirmiş, fəaliyyətini daim canlandırmağa çalışmış, ilk ərazi təşkilatlarının inkişafına şərait yaratmışdır. Cari ilin 10 ayında rayon üzrə partiya sıralarına qəbul olunanların 78,3 faizini gənclər təşkil etmişdir. Hazırda rayon üzrə 90 ərazi ilk partiya təşkilatı öz ətrafında 5 min 310 nəfər partiya üzvünü birləşdirir. Onlardan 2 min 425 nəfəri qadınlar, 1918 nəfəri isə gənclərdir.
Məruzə ətrafında YAP Culfa rayon təşkilatının qadınlar şurasının sədri Təranə Bayramova, Heydər Əliyev adına Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, partiyanın gənc üzvü Rəmziyyə Kərimli, YAP Ərəzin kənd ilk ərazi təşkilatının sədri Əbülfəz Ağayev, Dizə kənd tam orta məktəbi ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov çıxış etmişlər.
Sonra partiya sıralarına yeni daxil olmuş bir qrup rayon sakininə üzvlük vəsiqələri təqdim edilmişdir.
AzərTAc