Bu gün Milli Məclis "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya"ya düzəlişlərin təsdiq edilməsi haqqında qanun layihəsini müzakirəyə çıxarıb. SİA-nın məlumatına görə, bu barədə deputatlara vitse-spiker Valeh Ələsgərov məlumat verib.Millət vəkili Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, Araz çayı Ermənistan tərəfindən kimyəvi materiallarla çirkləndirilir: "Kür çayı ilə bağlı da bunu deyə bilərik. Araz çayınada ran tərəfindən çirkləndirilir və bu neçə illərdir ki, davam edir. Artıq bu konvensiyadan istifadə edə bilərik. Hamı şahiddir ki, ermənilər tərəfindən çaya axıdılan partlayıcı maddələr Azərbaycanda bir balaca uşağın ölümünə səbəb oldu. Ermənistan bu konvensiyanın üzvüdür və ona əməl etməlidir. Sərhəd rayonlarında da suvarma ilə əlaqədar Ermənistandan gələn suyun qarşısı alınır. Buna da diqqət etmək lazımdır".Siyavuş Novruzov daha sonra İran-Azərbaycan sərhəddində yaranan məsələyə münasibət bildirib: "Bir neçə vaxtdır ki, İrandan Naxçıvana gedən avtomobillərin qarşısı alınır. Mən istərdim ki, Milli Məclisin İran dostluq qrupunun üzvləri məsələni qaldırsın. Çünki onlar bu gün iranlı həmkarları ilə görüşəcək. Qışın gəlməsini nəzərə alaraq gündə bir şərt qoyması, insanların incidilməsi kimi məsələlər ciddi şəkildə qaldırılmalıdır. Azərbaycan XİN də məsələni ciddi şəkildə İran səfirliyinin qarşısında qaldırmalıdır".Spiker Oqtay Əsədov isə deyib ki, Ermənistan bu konvensiyanın üzvü deyldi, amma 2013-cü ildə üzv olub: "Artıq bu məsələni qaldırmaq olar. İran tərəfinin sərhədlə bağlı məsələsinə gəldikdə deyim ki, bu məsələ artıq öz həllini tapıb və söhbət əsasən texniki məsələlərdən gedir".Deputat Fuad Muradov isə deyib ki, hazırda su mənbələri dünyada bir nömrəli məsələ hesab edilir: "Bu günə qədər belə ciddi məsələ müzakirə edilməyib. Xudəfərin Su Anbarının ciddi təhlükə olması, Arazın çirklənməsi məsələsi var. Ekologiya Nazirliyi bu sahədə işləməlidir. Bizim əlimizdə hüququ faktlar, beynəlxalq istinadlar var".İranla bağlı məsələyə toxunan deputat söyləyib ki, bu ölkə ilə sərhəddən keçən su xətlərinə ciddi diqqət olunmalıdır: "Artıq dünyada böyük müharibələri su üzərində olur. Mən konvensiyanı dəstəkləyirəm".Sonda layihə səsə qoyularaq qəbul edilib.
sia.az