"Ümumiyyətlə, tək Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti deyil, eləcə də digər təşkilatların böyük əksəriyyəti, həmçinin ATƏT Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndiriblər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, seçkilərdən sonra nəticələr dəfələrlə müxtəlif beynəlxalq qurumlar tərəfindən müzakirə olunub: "Çünki ölkəmizdə azad, ədalətli, şəffaf və demokratik seçkilər keçirilib. Qərəzli yanaşan yeganə təşkilat var ki, o da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Sonda bəlli oldu ki, onların yaydığı hesabat da tamamilə yalan və böhtandan başqa bir şey deyildi. Azərbaycanda keçirilən seçkilər zamanı 1500-dən artıq beynəlxalq müşahidəçi seçkilərin gedişatını və nəticələrini yüksək qiymətləndirib".Qeyd edək ki, noyabrın 21-də Avropa Şurası Parlament Assambleyası Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilən toplantısında Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair hesabatlar müzakirə olunub. Gürcüstana gəldikdə isə, Avropa Şurası bu ölkəyə qarşı sanksiya tətbiq edib. AŞPA Bürosu Gürcüstandakı seçkilərin nəticələrinə dair müzakirələrdən sonra qəbul etdiyi hesabatında Gürcüstana qarşı iki il müddətinə sanksiyanın tətbiq olunacağını qəbul edib. Buna səbəb isə seçkilər zamanı Gürcüstan hökumətinin AŞPA müşahidəçi missiyasının tərkibindəki Rusiyalı millət vəkillərini ölkəyə buraxmaması olub. Büronun qəbul etdiyi sanksiyaya əsasən, iki il ərzində Avropa Şurasının heç bir tədbiri Gürcüstanda keçirilməyəcək.
sia.az