"Hesab edirəm ki, iki illik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün reallaşması çox əhəmiyyətli hadisədir". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyanada təşkil olunan görüşünün nəticəsinə münasibət bildirərkən deyib.Bahar Muradovanın sözlərinə görə, guya ki, formal olaraq danışıqlar prosesi davam etməkdədir: "ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də digər ölkələrin nümayəndələri bölgələrə səfər edir və orada danışıqlar aparırlar. Amma təbii ki, burada əsas görüş prezidentlər səviyyəsində təşkil olunan görüşlərdir. Hamı bu görüşlərdən uğurlu nəticələrin əldə olunmasını gözləyir. Mən bu görüşün konkret olaraq çox böyük nəticəyə gətirib çıxaracağını söyləyə bilməsəm də, hesab edirəm ki, bundan sonrakı təmaslar, görüşlər və müzakirələr üçün bu görüş bir yol açmış oldu. Bunu həmsədr ölkələr və onların rəsmiləri də belə dəyərləndiriblər. Hətta bu görüşlərdə nikbin bəyanatların səslənməsi də bizi bəzi müsbət nəticələr gözləməyə yönləndirə bilər. Amma çox arzu edərdim ki, bu görüşlər konkret nəticə ilə yekunlaşsın".
sia.az