"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamı cəmiyyətdə milli barışığa və həmrəyliyə yol açır. Bununla belə dövlət başçısı tərəfindən verilən bu qərar yeni nəslin tərbiyyə olunmasında çox böyük rol oynayır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.Partiya sədri deyib ki, çox təəssüf ki, hələ də Azərbaycanın müstəqilliyi ilə barışmayan dövlətlər, siyasi qüvvələr və onlara ölkəmizin daxilində xidmət edəcək müəyyən qüvvələr var: "Onlar hələ də bizim müstəqil dövlət kimi yaşaya biləcəyimizə şübhə ilə yanaşırlar və hər zaman Azərbaycanı kiminsə əlaltısı etmək istəyirlər. Təbii ki, bu kimi sərəncamlar dövlətçiliyin möhkəmlənməsinə xidmət edən qərarlardır. Bu kimi qərarları qəbul etməklə biz həm də, Məhəmməd Əmin Rəsulzadənin hansı siyasi partiyaya mənsub olmasından asılı olmayaraq siyasi ayrı-seçkiliyin aradan qaldırılmasına töhvə vermiş oluruq. Bu həm də ona yol açacaq ki, bu gün özünü M.Ə.Rəsulzadənin tərəfdarları sayan və onun partiyasının varisləri hesab edən insanlar da özlərində güc tapıb Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini etiraf etsinlər. Təbii ki, hər bir azərbaycanlının da borcudur ki, bunu etiraf etsin. Bu, normal siyasi mədəniyyətdir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyev bu addımı atmaqla həm də yeni bir ənənənin əsasını qoyur. Çox istərdim ki, bu sərəncam formal xarakter daşımasın".
sia.az