"Jurnalistlərin dostu" mükafatını Siz ikinci dəfədir alırsınız. Əslinə qalsa həqiqi sözümdür bu mükafatı Siz hər il almalısınız. Çünki milli jurnalistikamıza, azad sözə, azad mətbuata göstərdiyiniz yüksək diqqət və qayğını bütün Azərbaycan xalqı bilir". Bunu Əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil Abbas deyib.Onun sözlərinə görə, bu ənənənin təməli Ulu öndər tərəfindən qoyulub: "Ulu öndər senzuranı ləğv etdi. Sonra qəzetləri çətin maliyyə durumundan xilas etdi. Nəşriyyatlara külli miqdarda borclarımız var idi. O vaxt möhtərəm Ulu Öndərimiz onu dondurdu, sonra da borcların hamısını sildi. Yoxsa, bəlkə də bugünkü Azərbaycan mətbuatı ola bilməzdi. Ulu öndər onu etməsəydi, çox ağır bir vəziyyətə düşəcəkdi. Sonra da Sizin apardığınız siyasət, mətbuata yüksək münasibətiniz və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratmağınız bu ənənənin layiqincə davam etdirilməsinin əyani sübutudur. Bu fond Sizin Sərəncamınızla hər il qəzetlərə maliyyə dəstəyi göstərir. Fondun büdcəsini bu il daha da artırmısınız. Yəni, bunlar hamısı azad sözün, azad mətbuatın inkişafı naminə edilir. Mən səmimi deyirəm, Avropanı da digər yerləri də görürük. Azərbaycan mətbuatı heç də Avropa mətbuatından, ya başqa ölkələrin öndə gedən mətbuatından geri qalmır, nə azad sözünə, nə cəsarətinə, nə də başqa amillərə görə".Aqil Abbas deyib ki, dünyanın heç bir yerində görünməyib ki, jurnalistləri dövlət evlə təmin etsin: "Artıq dünyada belə bir qayda yoxdur ki, kiməsə pulsuz ev versinlər. Yəni, azad iqtisadiyyatı olan bir ölkədə hər kəs özü ev alır. Amma Sizin jurnalistlərə bu qədər diqqət göstərməyiniz, onlarla görüşləriniz, hər görüşdə jurnalistləri daha da ruhlandırmağınız əsas amillərdən biridir".O, vurğulayıb ki, Azərbaycanın dünyada yeri var, Azərbaycan başqalarının sözü ilə oturub-durmur: "Bu, bizi sevindirir. Azərbaycan öz sözünü deyir. Başqa dövlətlərin, qonşu dövlətlərin, kiminsə təsiri altında deyildir. Sizin apardığınız bu siyasət bütün xalqın ürəyincədir və biz jurnalistlərin üzərinə nə düşür? Biz jurnalistlər də apardığınız bu uğurlu, müdrik siyasətdə xalqımızla birlikdə Sizə dəstək oluruq. Sizin gördüyünüz işləri, dünyada gedən prosesləri işıqlandırmaq, ölkəmizə qarşı aparılan "qara piarlar"a dərhal cavab vermək biz jurnalistlərin əsas vəzifəsidir. Biz bunu gücümüz daxilində edirik və bu görüşdən sonra yəqin ki, bu proses daha da güclənəcək".
sia.az