"Cənab prezident atdığı hər addımda, mətbuatla bağlı gördüyü hər işdə, imzaladığı hər bir sərəncamda həqiqətən də jurnalistin dostu olduğunu bariz şəkildə ortaya qoyur. Bu səbəbdən də ölkə başçısının jurnalistlərin dostu seçilməsi təsadüfi deyil". Bu sözləri SİA-ya millət vəkili Jalə Əliyeva prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi haqda danışarkən deyib.Millət vəkili bildirib ki, ölkə başçısının mətbuata olan diqqət və qayğısı hər zaman özünü göstərməkdədir: "Buna misal olaraq iki il bundan əvvəl ölkə başçısının mətbuatın banisi olan Həsən Bəy Zərdabinin 170 illik yubileyinin ölkə miqyasında və ən yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamını göstərmək olar. Bu, çox böyük bir hadisə idi. Bu sərəncam nə birinci, nə də sonuncudur. Bir neçə ay bundan qabaq mətbuat işçiləri üçün yüksək standartlara malik olan bina tikilərək onların ixtiyarına verildi və həmin gün yeni binanın təməli qoyuldu. Bunlar Azərbaycanda indiyə qədər olmayan bir hadisə idi". J.Əliyeva həmçinin vurğulayıb ki, mətbuatın dostu olmaq ənənəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb: "Ulu Öndər dəfələrlə bu mükafata layiq görülüb. Ümummilli liderin mətbuatla təmasları, yaxın görüşləri, yeri gələndə etdiyi zarafatlar və ya ciddi söhbətləri mətbuat üçün bir nümunə idi. Hazırda isə bu yolu Prezident İlham Əliyev böyük ləyaqətlə davam etdirir. Bizə də ölkə başçısını təbrik etmək qalır. Dövlət başçısının mətbuatın dostu seçilməsi ölkəmizdə demokratik dəyərlərə qiymət verildiyinə bir daha sübutdur".
sia.az