"Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərdə hər zaman ölkəmiz tərəfindən çox konkret, müasir prinsiplərə, dünyanın qəbul etdiyi qaydalara uyğun təkliflər irəli sürülüb". Bu sözləri millət vəkili Nizami Cəfərov Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərlə bağlı fikirlərini bildirərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olsa da, Ermənistan tərəfi bu məsələdə maraqlı deyil. Onun sözlərinə görə, Azərbaycan tərəfi öz maraqları naminə heç bir uğur əldə olunmasa belə, görüşlərdə iştirak edib və edir: "Ona görə ki, Azərbaycan tərəfi öz torpaqlarının işğaldan azad olunmasını istəyir. Dağlıq Qarabağ bizim torpaqlarımızdr və ölkə başçısı bu torpaqların işğaldan azad olunması istiqamətində güclü siyasət yürüdür. Prezidentlər arasında keçirilən görüşlərdə də ölkə başçımız əlindən gələni edib və edir".Millət vəkili həmçinin vurğulayıb ki, prezidentlər arasında görüşlərin davamlı olması qaçılmazdır: "Lakin görüşlərdə hər hansı bir uğur qazanmaq üçün Ermənistan addım atmalıdır. Çünki bu, Ermənistan tərəfinin atacağı addımlardan asılıdır. Danışıqlarda məntiqi nəticələr əldə etmək üçün Azərbaycanın heç bir çətinliyi yoxdur. Azərbaycan müstəqil siyasət yürüdür və tələblərini də beynəlxalq səviyyədə qurur. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Əgər Ermənistanın hər hansı bir təsir nəticəsində normal bir qənaətə gəlmək, qərar qəbul etmək imkanı yoxdursa, o zaman dünya onu məcbur etməlidir. Dünyada gedən proseslərə nəzər saldıqda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi ilə bağlı ümidimizi kəsmirik".
sia.az