Azərbaycanda KİV-in azad və demokratik inkişafı dövlətin iradəsinə əsaslanır
Prezident İlham Əliyev: "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir"
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdən biridir. Heç də təsadüfi deyil ki, bir çox ekspertlər də müxtəlif cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın vəziyyətini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Bu zaman informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması kimi bir-biri ilə sıx bağlı olan ardıcıl mərhələlərin təmin olunması kimi məsələlər icra strukturlarının başlıca vəzifələri sırasındadır. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edərək mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və möcvud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Ona görə də, müasir dövrün nəzəriyyəçiləri söz və mətbuat azadlığının əsaslarının məhz konstitusiyanın cəmiyyətə verdiyi azadlığın səviyyəsindən asılılığı fikrini müdafiə edirlər. Azərbaycan da demkoratik məkanın ən sadiq üzvlərindən biri kimi bu məsələlərə böyük diqqət yetirir.
Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənirdi
İnkarolunmaz bir faktdır ki, Azərbaycan mətbuatı sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün digər sahələrdə olduğu kimi, media sahəsində də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qaldırılmağa başlandı. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar Ümummilli Lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti ümumiyyətlə cəmiyyətin bu sahəyə baxış bucağını dəyişdirdi. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi. Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzaladı. Bu Fərmanın bir bəndiylə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Eyni zamanda, Heydər Əliyevin hakimiyyətinin ilk illərində yerli jurnalistlərlə əlaqələr, demək olar ki, yox səviyyəsində idi, məmur-jurnalist münasibətləri mövcud reallıqlara əsaslanmırdı. Ulu Öndər bu problemi də tez bir zamanda həll etdi. Mütəmadi olaraq mətbuatla ünsiyyətlər qurdu, media ilə işləmək vərdişlərini aşıladı. Lakin o da etiraf olunmalıdır ki, Azərbaycan mətbuatında ən çox tənqid olunan məhz Heydər Əliyev olub. Amma Ümummilli Lider özü haqqında yazılanlara dözümlə yanaşmağı bacarırdı. Bu instinkti cəmiyyətə təbliğ edirdi. Məhz bu səbəbdən Heydər Əliyev "Jurnalistlərin dostu", "Azərbaycanda azad mətbuatın keşikçisi" ola bildi.
Mətubatın inkişafı Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir
Ulu Öndər Heydər Əliyevin başlatdığı ölkəmizdə həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi Onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Prezident İlham Əliyev böyük humanistlik göstərərək qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etdi. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır. Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi-informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilə bilər.
Faktiki olaraq, bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən imtina edilib. Təcrübə göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə və özünütənzimləməyə, mətbuat-dövlət, mətbuat-vətəndaş, mətbuat-mətbuat münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə ehtiyac var. Eyni zamanda, müasir beynəlxalq standartlara cavab verən, peşəkar, qərəzsiz, obyektiv mətbuatın formalaşması və güclənməsi istiqamətində də iş gedir. Elektron KİV-lərə nəzarət edən və onların fəaliyyətini tənzimləyən dövlət orqanı artıq yaradılıb və fəaliyyət göstərir.
KİV-in hüquqi və maliyyə azadlığı tam təmin olunub
Azərbaycanda KİV-in azad fəaliyyətinin təmin olunması üçün rəsmi dairələr tərəfindən bütün lazımi addımlar atılıb, ehtiyac duyulan bütün hüquqi prosedurlar təmin olunub, mükəmməl hüquqi baza formalaşdırılıb, söz və məlumat azadlığının konstitusion əsasları yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilib, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilib. Konstitusiyanın 47-ci maddəsi ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, "hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".
Bundan başqa, ölkəmizdə senzura ləğv olunub, qəzetlərin qeydiyyat proseduru asanlaşdırılıb, müxtəlif dövrlərdə mətbuat orqanlarına edilən maddi yardımlar hesabına redaksiyaların texniki təchizatı yaxşılaşdırılıb, "KİV haqqında" Qanunla jurnalistlərin azad fəaliyyəti təmin edilib. Hüquqi azadlıqların təmin olunması ilə yanaşı, KİV-lərin azad maliyyələşməsini həyata keçirmək məqsədilə də çox mühüm dövlət qərarları qəbul olunub.
KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası dövlətin mətbuat siyasətini tam mənada ifadə edir
Heç kəsə sirr deyil ki, bir neçə il öncə görülən bütün effektiv tədbirlərə baxmayaraq, mətbuatda bir sıra problemlər bu sahədə çalışanları və mətbuatın inkişafında maraqlı olan hakimiyyət dairələrini ciddi şəkildə narahat edirdi. Xüsusi olaraq, mətbuatda peşəkarlıq səviyyəsinin artırılması, jurnalistlərin sosial problemlərinin həllinə nail olunması, mətbuatın siyasiləşməsinin və siyasi maraq qruplarının əlində təmərküzləşməsinin qarşısının alınması rəsmi səviyyələrdə keçirilən görüşlərdə başlıca problemlər olaraq qaldırılır, həlli yolları araşdırılırdı. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalı idi ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və bu tədbirlər mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaratsın. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini özündə ehtiva edir və dövlətin mətbuat siyasətini tam mənada ifadə edir. Bu konsepsiyadan irəli gələrək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, ötən illərin təcrüəbəsi artıq sübut edib ki, bu qurum vasitəsilə mətbuat orqanları dövlətin dəstəyindən bəhrələlənərək müstəqil maliyyələşmə sistemini yarada və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edə, mətbuat orqanlarının müxtəlif siyasi dairələrin asılılığından azad edə, mətbuatın ifrat siyasiləşməsinin qarşısını ala bildi. Bütün bunlar isə, nəticə etibarilə özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir.
Noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin media qurumlarının rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlər də dövlətin söz və məlumat azadlığının təmin olunması istiqamətində iradəsini bir daha ifadə edir: "Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır".
Dövlətimizin başçısı sözügedən görüşdə, həmçinin, qeyd edib: "Jurnalist cəmiyyətinin fəaliyyəti və jurnalist cəmiyyətindən cəmiyyətə gələn sifariş hesab edirəm ki, azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynayır. Ancaq eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin etmişdir". Beləliklə, davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir.
Rəfiqə HÜSEYNOVA,
"SƏS" İnformasiya Agentliyinin əməkdaşı
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.