"İstənilən təşkilatın və partiyanın mitinq, piket keçirmək hüququ var. Özünü "Milli Şura" adlandıran qurumun mitinq keçirməsinin isə cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı "Milli Şura"nın mitinq keçirəcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.N.Orduxanli deyib ki, bu qurum ancaq daxili intriqa ilə məşğuldur: "Rüstəm İbrahimbəyovu qurumun rəhbərliyindən uzaqlaşdırmaq istəyirlər. Xüsusən də müsavatçıların belə bir istəyi var. İndiki vəziyyətdə münasibətlər təhqir səviyyəsinə çatıb. Belə bir vəziyyətdə hansı mitinqdən söhbət gedə bilər? Bu mitinqə tərəfdar toplaya biləcəkləri inandırıcı deyil. Yaxşı olar ki, əvvəlcə münasibətlərini normal vəziyyətə gətirsinlər, daha sonra mitinq keçirmək barədə düşünsünlər"."Bir təşkilatın daxilindəki 100 nəfərlə adi bir seçki keçirilə bilinmirsə və bu seçki 2 dəfə qalmaqala səbəb olursa, deməli həmin təşkilatın daxilində heç bir demokratik ənənədən söhbət gedə bilməz. Belə hadisələr onların bir daha iç üzlərini göstərir. Digər tərəfdən isə İsa Qəmbər 3 ilə yaxındır ki, qurultayın vaxtı keçdiyi halda nizamnaməyə əməl etmir və partiyanın qurultayı keçirilmir. Buna görə də "Müsavat" partiyasında gənclərin də seçki keçirə bilməməsi adi qarşılanmalıdır".
sia.az