PDF Oxu

Siyasət

  • 30

Bəhruz Quliyev: "Prezident İlham Əliyevin növbəti dəfə də "Jurnalistlərin dostu" seçilə biləcəyinə heç bir şübhə yoxdur"

Bəhruz Quliyev: "Prezident İlham Əliyevin növbəti dəfə də "Jurnalistlərin dostu" seçilə biləcəyinə heç bir şübhə yoxdur"

"Bu gün müasir Azərbaycan mətbuatı keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Güclü maddi-texniki bazaya, peşəkar, məsuliyyətli və vətənpərvər jurnalistlərə sahib mediamız qlobal transformasiya prosesləri çərçivəsində demokratik dövlət quruculuğu və milli tərəqqi tendensiyasında mühüm rol oynayır". Bunu SİA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.Bəhruz Quliyev mətbuatımızın ictimai-siyasi proseslərdə aparıcı mövqe tutmasının əsas səbəbi kimi, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu media siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini göstərib."1998-ci ildə senzuranı ləğv edən Ulu öndər Heydər Əliyev vaxtaşırı olaraq, mətbuat nümayəndələrilə görüşər, hətta medianın borclarını belə silərdi. Eyni zamanda, dəfələrlə jurnalistlərlə söhbətləşər və mətbuatın real mənzərəsi haqqında məlumatlar alardı. Təsadüfi deyil ki, bu gün də eyni siyasətin yaşadığını müşahidə edirik. Cənab Prezident İlham Əliyev də media mənsubları ilə görüşür, borcu olan mətbuat orqanlarını maliyyə sıxıntısından xilas edir. Prezident İlham Əliyev daha çoxşaxəli siyasət reallaşdırmaqla, KİV-lərin inkişafına dövlət dəstəyi haqqında Konsepsiya qəbul etdi, Fond yaratdı və bu gün yazılı mətbuat orqanları dövlətdən maddi yardım almaqla, bütün xərclərini qarşılayır, daha da güclənir. Həmçinin, Prezident İlham Əliyev dünya liderlərinə nümunə olacaq addım ataraq, juralistlərin mənzil problemini həll etdi. Təsadüfi deyil ki, hazırda 156 jurnalist mənzilini alıb və daha 250-dən artıq media nümayəndəsi belə bir şansı əldə edə biləcək" – deyə, Bəhruz Quliyev bildirib.Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyevin həm media sektorunun inkişafına, həm də jurnalistlərin sosial problemlərinin həllinə verdiyi dəstəyə görə, iki dəfə "Jurnalistlərin dostu" seçilib."Məhz "Jurnalistlərin dostu" mükafatının təqdimatı mərasiminin keçirildiyi noyabr ayının 24-də Prezident İlham Əliyevlə jurnalistlər arasında keçirilmiş görüşdə dövlətimizin başçısı bir daha sözügedən məsələlərə toxundu, hətta bu sahədəki problemləri sadalamaqla çıxış yolunu da bizlərə göstərdi. Cənab Prezident əsl jurnalistlərin hansı keyfiyyətlərin daşıyıcısı olduğunu və medianın milli inkişaf prosesindəki rolunu ifadə etdi. Prezident İlham Əliyev həmçinin informasiya mübarizəsi dövründə Azərbaycan mediasının qarşısında duran vəzifələri sadalayaraq, tövsiyələrini də verdi. Bir sözlə, səmimi atmosferdə keçən həmin görüşdə ölkəmizin bütün sahələrinin, xüsusilə mətbuat sektorunun perspektivi ilə bağlı önəmli mesajlar verildi. Fikrimcə, Azərbaycan mətbuatına hər gün artan dövlət qayğısı və Prezident İlham Əliyevin diqqəti ölkə başçısının növbəti dəfə də "Jurnalistlərin dostu" seçilə biləcəyinə heç bir şübhə yeri qoymur" – deyə, Bəhruz Quliyev əlavə edib.

sia.az

Digər xəbərlər