PDF Oxu

Siyasət

  • 40

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sosial siyasətin əsas qayələrindən biridir

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sosial siyasətin əsas qayələrindən biridir

Erməni işğalçılarının torpağlarımızı işğal etməsindən sonra öz doğma yurd-yuvasından didərgin düşən azərbaycanlı qaçqın və məcburi köçkünlərin qayğı və problemləri daima Ümumimilli Liderimiz Heydər Əliyevin diqqət və qayğısı altında olub. Azərbaycanın dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı, xaos və anarxiyanın baş alıb getdiyi bir zamanda xalqımızın təkidli tələbindən sonra ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətimizin ən ağır siyasi və keşməkeşli günlərində belə, bir an da olsun qaçqın və məcburi köçkünlərin problemlərini özünün diqqət mərkəzindən ayırmırdı. Bu fakt, bütün varlığı ilə öz xalqına bağlı olan bir Liderin, dahi şəxsiyyətin əsil vətən sevgisinin, millət atası kimi böyüklüyünün göstəricisi idi.

Təsadüfi deyil ki, neft müqavilələrindən əldə olunan ilk gəlir də məhz qaçqın və köçkünlərin problemlərinin həlli üçün yönəldilmişdi. Yurd-yuvasını itirmiş, mənəvi və maddi zərbələr almış bu insanların acınacaqlı taleyi, acınacaqlı durumu, onların sosial problemlərinin həlli Ulu Öndər Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən olub. Ulu Öndər, bunu özünün bir nömrəli problemi adlandırır və həmişə torpaqlarından didərgin düşən bu insanların həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı ilə yanaşırdı. Heydər Əliyev dəfələrlə məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərçiklərində olmuş, onların ğayğı və problemləri ilə tanış olmuşdur.

Ulu Öndərin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı, bu kateqoriyadan olan insanların həyat şəraitlərinin yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər, sonrakı illərdə Cənab Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilməkdədir. 2003-cü ildən başlayaraq, Azərbaycanın müasir inkişaf və tərəqqi mərhələsinin başlanması ilə yanaşı, məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına başlanıldı. Təsadüfi deyil ki, sön illər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması üçün Dövlət Proqramı və ona iki əlavə qəbul olunub. Son bir neçə il ərzində Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi, sözün əsil mənasında, dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Bu fakt eyni zamanda Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin öz xalqına olan diqqət və qayğısına bariz nümunə olmaqla yanaşı, həmçinin də Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasətin məntiqi davamının parlaq göstəricisidir. Diqqət edin, təkcə 2012-ci ildə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondu tərəfindən 300 milyon manat vəsait ayrılıb. Bu da, tarixdə ayrılan ən böyük vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilib. Bütün bu evlər çox yüksək səviyyədə tikilmiş, eyni zamanda ən yüksək standartlara cavab verir.

Gəlin faktlara müraciət edək. Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, son 10 ildə 1,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 61 müasir qəsəbə salınıb, 25,5 min ailə və ya 129 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu da indiyədək yeni salınan qəsəbələrə köçürülənlərin 81 faizini təşkil edir. Yeni qəsəbələrin salınmasına Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 547 milyon manat ayrılıb ki, bu da ümumilikdə bu məqsədlərə ayrılan vəsaitin 97,6 faizini təşkil edir. Yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib. Minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilməklə, qaçqın və köçkünlərin suya olan ehtiyaclarının ödənilməsi, ümumilikdə sosial şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülüb.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 82 müasir qəsəbə salınıb, 33 min ailə və ya 159 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Ümumilikdə 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Həmin vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı son 10 ildə istifadə olunub. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb. Bu, olduqca böyük göstəricidir. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü ildəkinə nisbətən 9 dəfə çoxdur. Həmçinin, məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunub.

Diqqət yetirilən önəmli məqamlardan biri də ondan ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və bu, müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini qurublar. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq fin qəsəbələrinin ləğvi sahəsində də görülmüş işlər təqdirəlayiqdir.

Bununla yanaşı, Prezident İlham Əliyev son illər dəfələrlə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 1040 manat pul xərcləyir.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007 və 2011-ci illərdə həmin proqrama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan Sərəncama əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələr edilib. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilib. Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 556 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilib. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində isə 768 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınıb.

Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülüb. Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa çatdırılıb, eyni zamanda Füzuli rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi ev tikilib. Beləliklə, təkcə 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni mənzillərə və evlərə köçürülüb.

Həmçinin, Dövlət Proqramının və ona əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllələrinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 320, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin, Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Abşeron rayonunda Qobu şəhərinin salınması, Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanması üzrə müvafiq tədbirlər həyata keçirilib.

Bütün bu görülən işlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün, onların sosial müdafiəsi üçün olduqca həyati əhəmiyyət daşıyan faktlardır. Lakin yurd-yuvasından didərgin düşən bu insanlar üçün ən böyük sevinc günü, onların ağrı-acılarına son qoyacaq olan ən böyük məlhəm, doğma torpaqlarına, yurd- yuvalarına dönəcəkləri gündür. O gün də uzaqda deyil. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü strateji siyasi kurs, xüsusilə Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrədə keçirilmiş son görüş bunu deməyə əsas verir ki, bütün Azərbaycan vətəndaşları kimi, qaçqın və məcburi köçkünlərimiz də tezliklə işğal olunmuş ərazilərimizin geri qaytarılması kimi tarixi bir sevinci yaşayacaqlar.

Mətləbəli Salahov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər