Milli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək məqsədi ilə Fransanın Strasburq şəhərində səfərdədirlər.
Milli Məclisdən AzərTAc-a bildirmişlər ki, Forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaqdır.
Tədbir noyabrın 29-da başa çatacaqdır.
Deputat Rafael Hüseynov AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün noyabrın 30-da Parisə yola düşəcəkdir.
İclasda azərbaycanlı deputat Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər müzakirə olunacaq məsələlərə münasibətini bildirəcəkdir.
Səfər dekabrın 5-də başa çatacaqdır.
AzərTAc