"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması ilk növbədə dövlətimizin maraqlarına xidmət edir. Azərbaycanın Avropaya inteqrasiya prosesi təkcə bu qurumda yer alan digər dövlətlərin maraqlarından, istəklərindən irəli gələn məsələ deyil, eyni zamanda dövlətimizin maraqlarından irəli gəlir". Bu fikirləri Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.Onun sözlərinə görə, Avropada təhsil alan tələbələrin, iş adamlarının, eləcə də jurnalistlərin Avropaya gediş-gəlişlərində şərtlər yüngülləşdiriləcək: "Rusiyanın təsirində olan Ermənistanın, Ukraynanın və digərlərinin qərarı onu göstərir ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında tutduğu mövqe son dərəcə dəqiq, dövlətimizin milli maraqlarına tam cavab verən mövqedir. Azərbaycan digər dövlətlərin üzləşdiyi problemlərlə üzləşmədi. Nə qərbdə, nə də şərqdə bununla bağlı Azərbaycana heç kim irad tuta bilmədi. Bütün bunlar cənab prezidentin apardığı düzgün siyasətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, beynəlxalq qurumlar Azərbaycanı öz sıralarında görməyə nə qədər hazır olacaqsa və bu zaman dövlətimizin maraqları nə qədər nəzərə alınacaqsa, Azərbaycan da onlarla bir o qədər sıx əməkdaşlıq edəcək".
sia.az