Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gəlmişdir.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun AzərTAc-a verdiyi məlumata görə, həmin gün Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matvienko, Qazaxıstan parlamenti Senatının sədri Kasımjomart Tokayev və bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşmüşdür.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Parlament rəhbərləri Azərbaycanda gedən sürətli inkişafı izlədiklərini və respublikamızın bütün sahələrdə nümunəvi ölkə imici qazandığını vurğulayaraq, oktyabrın 9-da keçirilmiş prezident seçkilərini yüksək qiymətləndirmişlər. Onlar dövlətimizin başçısı İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırmışlar.
Noyabrın 28-də Azərbaycan nümayəndə heyətinin üzvləri MDB PA-nın Şura iclasında iştirak etmişlər. İclasın gündəliyindəki 29 məsələdən biri - MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili məsələsi idi. MDB PA-nın müşahidə missiyasının hazırladığı yekun sənəddə oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda seçkilər şəffaf, ədalətli, seçici hüquqlarının qorunması şəraitində və beynəlxalq hüquq normalarına uyğun keçirilmişdir. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçilik missiyasını obyektiv yerinə yetirdiklərinə görə bu sahədə fəaliyyət göstərən institut və təşkilatlara öz təşəkkürünü bildirmişdir.
Tədbirlərdə deputatlardan Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Mirkazım Kazımov, Aslan Cəfərov, Hacı Salayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak etmişlər.
AzərTAc