PDF Oxu

Siyasət

  • 44

Ümumdünya Demokratiya Forumunda Azərbaycanın uğurlarından bəhs edilmişdir

Ümumdünya Demokratiya Forumunda Azərbaycanın uğurlarından bəhs edilmişdir

Artıq ikinci ildir ki, Fransa Respublikasının Strasburq şəhərində qaldırdığı problemlərin genişlik dairəsinə, müzakirələrə cəlb edilənlərin coğrafiyasına və iştirak edən siyasətçilərin sayına görə çox əhəmiyyətli olan Ümumdünya Demokratiya Forumu keçirilir. Avropa Şurasının, onun Parlament Assambleyasının (AŞPA) növbəti dəfə Fransa hökuməti, Elzas regionu rəhbərliyi və Strasburq bələdiyyəsi ilə birgə keçirdiyi bu tədbirin nüfuzunun göstəricilərindən biri də budur ki, mərasimə əksər ölkələrin tanınmış siyasət və dövlət xadimləri də dəvət olunmuş, onlar demokratiyanın aktual problemləri ilə bağlı 10 istiqamətdə aparılan müzakirələrdə məruzələrlə çıxış etmişlər.

Həm 2012-ci ildə keçirilmiş, həm də builki Ümumdünya Demokratiya Forumunun fəal iştirakçılarından olan Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AzərTAc-ın müxbiri ilə söhbətində bu mühüm beynəlxalq məclisin əhəmiyyəti ilə əlaqədar demişdir: "Belə bir mötəbər tədbirin Strasburqda və Avropa Şurası tərəfindən keçirilməsi nə qədər məntiqlidirsə, bu Foruma dünyanın zəngin demokratiya ənənəli ölkələrindən, həmçinin xeyli cavan demokratiyalarından bu qədər nümayəndənin qatılması o qədər anlaşılandır. Strasburq Avropanın rəmzi paytaxtlarından və başlıca siyasət mərkəzlərindən sayılır. 1949-cu ildə yaranmış, XX əsrin ikinci yarısında dünyanın yeni siyasi mənzərəsinin formalaşmasında müstəsna rol oynamış, yalnız Avropada deyil, bütövlükdə planetimizdə demokratik dəyərlər, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının bərqərar olmasında misilsiz xidmətlər göstərmiş Avropa Şurası bu gün beynəlxalq aləmdə ən nüfuzlu təşkilatların birincilərindəndir. İndi dünya 50-60 il əvvələ nisbətən qat-qat demokratikdirsə və demokratiya yolunu tutmuş ölkələrin sayı bu qədər artıbsa, burada Avropa Şurasının danılmaz payı vardır. Beynəlxalq Demokratiya Forumunun da məhz Strasburqda, Avropa Şurasının, həmin təşkilatın Parlament Assambleyasının bilavasitə təşkilatçılığı və yönəldiciliyi ilə keçirilməsi qanunauyğundur. Çünki məhz bu qurum Avropada və dünyada demokratiyanın daha artıq oturuşması üçün özünü müəyyən mənada cavabdeh hiss etməkdədir. Avropa Şurasını tez-tez "demokratiya məktəbi" adlandırırlar. Lakin maraqlısı budur ki, indi keçirilən Forumda müzakirələrin əsas hədəflərindən biri demokratiyanın özünün yaşadığı çətinliklərdir. İndi Avropa Şurası özü də öyrənmək istəyir. Bu gün dünyaya üz tutaraq Avropa Şurası həm də demokratiya anlayışında, müasir demokratik inkişafda daha hansı səmərəli yollar tapmaq olar, nələrdən imtina etmək, nələri islah etmək lazımdır məsələsində yeni həll üsulları aramaqdadır.

Təsadüfi deyil ki, noyabrın 27-dən 29-dək davam edən Ümumdünya Demokratiya Forumunun açılış mərasimində çıxış edən Seneqalın sabiq Prezidenti, Beynəlxalq Frankofoni təşkilatının baş katibi Abdu Diuf iştirakçılara "Demokratiyanı xilas edək" çağırışı ilə səslənirdi, Fransanın xaricdəki soydaşlarla iş üzrə naziri Elen Konvey Mure "Demokratiya da sülh kimi gündəlik qayğı və diqqətə möhtacdır" deyirdi. Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon da rəqəmsal əsrimizdə demokratiyanın mahiyyətində və gerçəkliyə tətbiqində dəyişikliklər baş verdiyindən söz açırdılar. Dünənədək internetdə ifadə azadlığının hüdudsuz sərbəstliyinin vacibliyindən bəhs edən köhnə demokratlar indi ifrat azadlığın fəsadlarından, demokratiya üçün törətdiyi təhlükələrdən danışmağa başlamışlar. Dəyişən dünya çox dəyərlərə, o cümlədən demokratiyaya yeni görüm bucağından baxmağa sövq edir və Forumun başlıca məqsədi də bu istiqamətdə ortaq mövqe formalaşdırmaq, optimal çıxış yolları tapmaqdır".

Deputat Rafael Hüseynov Ümumdünya Demokratiya Forumunun "Demokratiya üçün vərdişlər", "Açıq parlament", "Məhəlli rəqəmsal demokratiya", "Şəffaflıq axtarışları və demokratiya" və digər bölmələrində gedən müzakirələrə qatılmış, ölkəmizdə müstəqillik dövründə demokratik təsisatların yaranıb inkişaf etməsi, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində görülən işlərdən, insan haqlarının, söz, ifadə və vicdan azadlığının tərəqqisi üçün atılmış addımlardan konkret faktlar əsasında məzmunlu çıxışlar etmişdir. Eyni zamanda, Rafael Hüseynov Avropa Şurasına üzv olduğumuz 13 il ərzində demokratiya mədəniyyətini mənimsəməkdə uğurlarımızı sadalamaqla yanaşı, demokratiya universiteti hesab edilən AŞPA-ya ölkəmizin verdiyi töhfələrdən, çoxmillətli və çoxdinli Azərbaycanda çox ölkələrə nümunə ola biləcək ideal tolerantlıq mühitindən, bu nailiyyətin sabit demokratik irəliləyişin əyani göstəricilərindən olması kimi məsələlərdən bəhs etmişdir.

AzərTAc

Digər xəbərlər