Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - mən bu haqda nə bilirəm?" inşa müsabiqəsinin yekunu və "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq bildirmişdir ki, artıq erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
Akademik vurğulamışdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər, inşa müsabiqələri, yazılan kitablar gənc nəslin öz tarixinə sahib çıxması, erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terrorizm siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Digər çıxış edənlər qeyd etmişlər ki, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin ayrıca bir istiqaməti, hədəfi işğal altında qalan torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir. Hər birimiz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə biliyin, səriştənin, intellektin gücü ilə yanaşmalıyıq.
Tədbirin sonunda inşa müsabiqəsinin qaliblərinə diplomlar və müxtəlif kitablar verilmişdir.
Tədbirdə, eyni zamanda, "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" kitabının təqdimatı olmuşdur. Kitabın müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovdur.
AzərTAc