Dekabrın 2-də Bakı Mətbuat Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman. Ömrün Naxçıvan aşırımları" altıcildliyinin Azərbaycan dilində beşinci cildinin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər.
Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" roman-tədqiqatını 10 il müddətində topladığı materiallar, faktlar əsasında yazmışdır. Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbətlər, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində saxlanılan materiallar romanın əsasını təşkil edir.
Təqdim olunan beşinci cilddə ulu öndər Heydər Əliyevin Naxçıvana dönüşü, muxtar respublikada fəaliyyəti ilə bağlı az məlum olan faktlar və məlumatlar yer almışdır.
AzərTAc