Azərbaycanda keçirilən prezident seçkilərinin uğurlu və tarixi nəticələri, eləcə də Yeni Azərbaycan Partiyasının bu qələbədə müstəsna rolu bu gün də ictimaiyyət tərəfindən vurğulanmaqdadır. Belə ki, bu zəfər eyni zamanda Azərbaycan xalqının birmənalı fikri əsasında əldə edilmişdir. Çünki ölkəmizdə mövcud olan xalq-hakimiyyət birliyi belə qənaətə gəlməyə kifayət qədər əsas yaradır.
Bu və bu kimi digər əhəmiyyətli məqamlara toxunan YAP rayon təşkilatlarının rəhbərləri "Səs" qəzetinə verdikləri açıqlamalarında bir çox mühüm nüanslara toxundular.
Namiq Əhmədov, YAP Siyasi Şurasının üzvü, Xəzər rayon təşkilatının sədri:
- Prezident İlham Əliyevin qələbəsi bir daha göstərdi ki, bu seçkilərdə Azərbaycan vətəndaşlarının fəallığı daha yüksək səviyyədə olub və Cənab İlham Əliyev seçicilərin böyük dəstəyi ilə yenidən növbəti 5 il üçün dövlətimizin başçısı seçilib. Bu sırada seçkilərin yüksək fəallıq şəraitində keçirilməsini, Azərbaycan vətəndaşlarının öz siyasi iradəsini azad və demokratik şəraitdə ifadə etməsini, seçkilərin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsini qeyd edə bilərik. Eyni zamanda, bu seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi bir daha onu bariz şəkildə nümayiş etdirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə müdafiə olunur. Burada xalqla hakimiyyətin vəhdəti özünü açıq şəkildə göstərir. Seçkilərin keçirildiyi gün axşam ilkin nəticələr elan edildikdən sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Həmin tarixi müraciətində Prezidentimiz bu seçkilər, onun əhəmiyyəti, bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət, qarşımızda duran vəzifələr barədə çox dəyərli fikirlər söylədi. Bizim qarşımızda xalq olaraq həqiqətən də çox böyük vəzifələr dayanır. Bu vəzifələri həyata keçirmək üçün ölkəmizdə dünya siyasətini daha dolğun, daha praqmatik qəbul edərək onu Azərbaycanın maraqlarına uyğunlaşdırmağa layiq liderin olması vacibdir. Belə bir lider Cənab İlham Əliyevdir və xalq da bunu daha aydın şəkildə gördüyündən bu seçkilərdə Ona böyük dəstək verdi.
Digər bir keyfiyyət isə dövlət başçısının qətiyyətli olmasıdır. Prezident İlham Əliyev 10 illik rəhbərliyi dövründə çox ciddi addımlar atıb və atdığı bu addımlarda həmişə milli maraqlarımızı öndə tutub. Prezident İlham Əliyev hansısa böyük dövlətin, beynəlxalq təşkilatın təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib. Prezidentimiz qərar qəbul edərkən bir prinsip Onun üçün önəmli olub, bu da Azərbaycanın milli və dövlət maraqlarıdır.
Mən, həmçinin burada Yeni Azərbaycan Partiyasının da danılmaz rolu haqda danışmaq istərdim. Partiyamızın 21 illiyinin yüksək səviyyədə qeyd olunması da göstərdi ki, YAP məhz ümumxalq partiyası kimi bundan sonra da qələbələrə, yeni-teni zəfərlərə imza atmış siyasi təşkilat kimi regionda və dünyada öz sözünü deyəcək.
Təmiraz Tağıyev, YAP Nərimanov rayon təşkilatının sədri:
- Bu nəticə xalqımızın maraqlarına uyğun nəticədir və burada siyasi hakimiyyətin müəyyən etdiyi xəttin davamlı olması, Ulu Öndər Heydər Əliyevdən başlamış böyük siyasətin davam etməsi hər bir azərbaycanlının marağındadır. Ona görə də, bu seçkilərin nəticələri faktiki olaraq milli maraqlarımızın göstəricisidir.
Hər şeydən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticələrinə toxunmaq lazımdır. 10 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçmişdir. İlk növbədə, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib. Ölkə iqtisadiyyatının sürətli inkişafı ÜDM-in 3 dəfə artımında ifadə olunub. Bu istiqamətdə dünya dövlətlərinin təcrübəsinə nəzər yetirsək, yəqin ki, 10 il ərzində iqtisadiyyatını 3 dəfə artırmağa nail olmuş ölkə tapmaq olduqca çətin olar. İqtisadiyyatın 3 dəfə artmasının fonunda digər sfera və sahələrdə də çox əhəmiyyətli və möhtəşəm dəyişikliklər baş verib. Təbii ki, iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın yaxşılaşmasında ifadə olunur. Bu illər ərzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də çox ciddi irəliləyişlər baş verib. Əməkhaqları və təqaüdlər dəfələrlə artırılıb, gəlirlərin artımı müşahidə olunub və insanların həyat səviyyəsində müsbət göstəricilər qeydə alınıb.
Bundan əlavə, yoxsulluq səviyyəsi ciddi şəkildə aşağı salınıb, kifayət qədər yeni iş yerləri açlıb və əhalinin məşğulluğu yüksək səviyyədə təmin edilib. 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb. Həmçinin yoxsulluğun aradan qaldırılması siyasətinin nəticəsi kimi ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə endirilib. Azərbaycana gələn mötəbər beynəlxalq təşkilatların, o cümlədən dünya dövlətlərinin, xüsusilə də Asiya ölkələrinin nümayəndələri bu inkişafın nə qədər böyük rezonansa səbəb olduğunu birmənalı şəkildə etiraf edirlər. Bütövlükdə, bütün bunların fonunda insanların həyat səviyyəsinin yaxşılaşdırılması imkanları artırılıb.
Təbii ki, bu nailiyyətlərdə 21 ildir xalqla çiyin-çiyinə dayanmış hakim Yeni Azərbaycan Partiyasının da danılmaz rolu, əhəmiyyəti vardır. Bir ümumxalq partiyası kimi, xalq onun getdiyi yolu dəstəkləyir və bu dəstəyin nəticəsidir ki, ölkəmiz, regionlarımız inkişaf edir və inanıram ki, bundan sonra da hələ uzun illər inkişaf edəcək, bizləri qələbələrə doğru aparacaq.
Kamil Mirzəyev, YAP Biləsuvar rayon təşkilatının sədri:
- Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 ildə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Məhz bunun nəticəsi olaraq oktyabrda keçirilən prezident seçkisində partiyamızın Sədri, möhtərəm İlham Əliyev Cənabları xalqın seçimi ilə növbəti beş ildə ölkəyə rəhbərlik edəcək. Məhz belə davamlı uğurların nəticəsidir ki, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlətə çevrilib. Bu da öz növbəsində Azərbaycan beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb. Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasını göstərən ən bariz nümunə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Eyni zamanda, ölkəmiz digər beynəlxalq qurumlardan daha çox özünün milli maraqlarına müvafiq olaraq çox uğurla iştirak edir.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, vaxtilə Prezident İlham Əliyev "Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən çox olacaq" deyə bəyanat vermişdi və hazırda bu hədəf reallığa çevrilib. Əlbəttə, bütün bunların hamısı son 10 il ərzində əldə edilən nailiyyətlərin qısa xülasəsidir. Beləliklə, Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir. Bütün bunların məntiqi nəticəsi kimi əldə edilən uğurlar milli qürur hissini daha da artırıb. Azərbaycanda yeni bir cəmiyyət formalaşmaqdadır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi və gələcəyə inamlı baxışları ilə fərqlənir.
YAP-ın sıralarında 600 mindən çox insanın birləşməsi vətəndaşların Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır. Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası ötən müddət ərzində mühüm inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi və əhəmiyyətli rolu olmuşdur. Bu, öz növbəsində, Yeni Azərbaycan Partiyasının mövqeyinin möhkəmlənməsinə, ictimai rolu və əhəmiyyətinin artmasına səbəb olub.
Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri:
- Prezident İlham Əliyevin yenidən Prezident seçilməsi, əlbəttə ki, Azərbaycanın, Azərbaycan xalqının uğurudur. Bu gün ölkənin inkişafı, iqtisadiyyatımızın, sosial həyatımızın, eləcə də regionlarımızın tərəqqisi ilə nəticələnib. Bu gün ölkədə yürüdülən məqsədyönlü siyasət Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirillməkdədir. Xalq seçkilərdə öz qəti sözünü dedi. Xalq növbəti beş ildə də Cənab İlham Əliyevin rəhbərliyinə "hə" deyərək, Azərbaycanın gələcəyinə səs verdi. Əlbəttə ki, bu kimi amillər Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə yazılmış danılmaz faktordur.
Mən, həmçinin Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, partiyamızın roluna toxunmaq istərdim. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 600 min Azərbaycan vətəndaşı birləşib. Qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi tarixində heç bir siyasi təşkilat öz sıralarında bu qədər insanı birləşdirməyib. Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən çox insanın birləşməsi hər şeydən öncə Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir. Bunu Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan üzvlərin sayının artım dinamikası da aşkar surətdə göstərir. Əgər 10 il əvvəl partiya üzvlərinin sayı 300 min idisə, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən çox vətəndaş birləşir. Yeni Azərbaycan Partiyasının bir özəlliyi də odur ki, partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyən və edən gəncləri, qadınları, həmçinin ziyalı və intellektual şəxsləri birləşdirir. Beləliklə, partiyanın sıralarında cəmiyyətin bütün zümrələrinin nümayəndələri birləşiblər.
Məhz bu böyük insani və təşkilati potensial imkan verdi ki, YAP seçki kampaniyasına nəinki yaxşı hazırlaşsın, həm də kampaniyanın yüksək səviyyədə həyata keçirilməsini təmin etsin. Bu da öz uğurlu nəticəsini verdi.
RƏFİQƏ HÜSEYNOVA