"Ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən birini əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının təmin olunması təşkil edir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Onun sözlərinə görə, 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının əhəmiyyətli artımı baş verib. Ötən dövr ərzində isə əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq, sığorta stajına daxil edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.Həmçinin, Azərbaycan 2008-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə öz üzərinə mühüm öhdəliklər götürüb. Əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün "2013-2018-ci illər üçünn Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı"nın və "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun layihə sənədi hazırlanıb. Bir sözlə, Azərbaycan sosial mahiyyətinə görə, tam olaraq, əlil kateqoriyasına aid insanların hüquqlarını müdafiə və təmin edir" – deyə millət vəkili bildirib.Deputat həmçinin, vurğulayıb ki, bu sahədə müəyyən problemlərimiz də var: "Daxil olan müraciətlərin böyük hissəsi birbaşa olaraq, TSEK-lərin fəaliyyətilə bağlıdır. Sevindirici haldır ki, artıq nazirlik səviyyəsində də bu məsələyə xüsusi diqqət yetirilir. Ümumiyyətlə, ölkəmizin sosial sahəsindəki problemlərin aradan qaldırılması hər bir cəmiyyət üzvünü düşündürür. Düşünürəm ki, bu işdə vətəndaşlar da fəal olmalı və bu sahədəki problemlərin aradan qaldırılmasına töhfə verməlidirlər".
sia.az