Kaliforniyada çıxan populyar "The Orange County Register" qəzetində "Qafqazda sülhə yönəlmiş addımlar" sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi Çepmen Universitetinin "Dünya təhsili" proqramının direktoru və Sakit okean beynəlxalq siyasət şurasının Avrasiya komitəsinin sədri Ceyms Koyldur.Professor Koyl bu yaxınlarda Vyanada ATƏT-in Minsk qrupunun danışıqları çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən söhbət açaraq qeyd edir ki, görüş başa çatandan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Bəyanatda göstərilir ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin tənzimlənməsi üçün danışıqların davam etdirilməsinə və sonrakı aylarda yenidən görüşməyə razı olduqlarını bildiriblər. Bundan əlavə, həmsədrlər dekabrın 5-6-da ATƏT üzvü olan ölkələrin nazirlərinin görüşü zamanı işçi sessiyalar keçirmək barədə razılığa gəliblər.C.Koyl yazır ki, Cənubi Kaliforniyada yaşayan və münaqişə regionunda qohumları olan ermənilərin çoxu danışıqlarda irəliləyiş yaranmasına sevinirlər. Ermənistanın Türkiyə və Azərbaycan ilə sərhədləri məhz bu münaqişə üzündən bağlıdır. Bu gün Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir. 1988-ci ildə münaqişə başlayandan bu günə qədər Ermənistan əhalisinin sayı 40 faiz azalıb. Amerikalı professorun fikrincə, bu səbəbdən regionda sülhün bərqərar olması burada firavanlığa gətirib çıxaracaq.C.Koyl daha sonra yazır ki, münaqişə Azərbaycana ciddi təsir göstərmişdir, çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayan Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyona yaxın azərbaycanlı öz doğma yerlərindən qovulub. ABŞ-ın bu münaqişənin tənzimlənməsinə maraq göstərməsi həm onun beynəlxalq maraqlarına, həm də daxili mənafeyinə uyğundur. Dövlətdaxili səviyyədə 1890-cı illərdən indiyə qədər ABŞ-a mühacirət etmiş 1,4 milyonluq erməni icması mövcuddur. Beynəlxalq səviyyədə Amerikanın Yaxın Şərqdə ən yaxın müttəfiqi olan İsrail idxal etdiyi neftin 60 faizini Azərbaycandan alır. Bundan əlavə, ABŞ-ın Avropadakı müttəfiqləri, o cümlədən Yunanıstan və İtaliya Transanadolu qaz kəmərinin tikintisini səbirsizliklə gözləyirlər. Həmin kəmər Azərbaycandan bu ölkələrə təbii qaz ehtiyatları gətirəcək. Hərbi əməliyyatlar yenidən başlanarsa, heç şübhəsiz, bu iqtisadi kommunikasiyalara təsir göstərəcər. Azərbaycan həm də Əfqanıstandakı Amerika qoşunları üçün zəruri materialların təqribən 40 faizinin daşınması üçün tranzit ölkədir. Professor Koyl qeyd edir ki, Azərbaycan əsgərləri İraqda və Əfqanıstanda NATO-nun həyata keçirdiyi əməliyyatlarda amerikalı tərəfdaşları ilə çiyin-çiyinə iştirak ediblər.Professor vurğulayır ki, münaqişənin dinc yolla nizamlanmasının ilkin planı bir neçə il bundan əvvəl məlumdur. Minsk qrupunun baza prinsipləri planında Azərbaycanın Dağlıq Qarabağa bitişik rayonlarından erməni qoşunlarının çıxarılması, təhlükəsizliyə və özünüidarəyə təminat verən "müvəqqəti status" tətbiq edilməsini, Qarabağın gələcək statusunun qəti müəyyən edilməsini, Ermənistanla əlaqə üçün dəhliz yaradılmasını, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qaytarılmasını və təhlükəsizliyə beynəlxalq təminat verilməsini nəzərdə tutur. Lakin C.Koyl yazır ki, bəzi problemli detallar var: "müvəqqəti status" nə deməkdir və Qarabağın gələcək statusu necə müəyyən ediləcəkdir, yerüstü dəhliz hansı ərazilərdən keçəcər və təhlükəsizliyə necə təminat veriləcək? Prezidentlərin görüşü ərəfəsində Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin üzvləri bəyanatla çıxış edərək baza prinsiplərini danışıqlar üçün əsas kimi qəbul edib və bildiriblər ki, sülh sazişinin ilkin versiyası üzərində işə başlamağın vaxtıdır.Sonda müəllif yazır ki, Vyana sammiti başa çatandan sonra Ermənistan Prezidenti Serj Sarkisyan danışıqları "pozitiv" və "yeni fazanın başlanması" adlandırıb.
sia.az