"Tarif Şurasının qərarı ilə bağlı narazılıq yaradan insanlara demək istəyirəm ki, gəlin tələsməyək. Yanacağın qiymətinin artması bütün məhsulların qiymətinin artması demək deyil". Bu sözləri SİA-ya açıqlaması zamanı millət vəkili Jalə Əliyeva deyib. Tarif Şurasının qiymət siyasəti həyata keçirən bir qurum olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu artım da həmin qurumun apardığı müəyyən araşdırmaların, statistik rəqəmlərin nəticəsində bazarla tənzimlənir. Millət vəkili vurğulayıb ki, indidən gələcək praqnozları vermək düzgün deyil: "Təbii ki, hər birimiz bir vətəndaş kimi kimliyimizdən, vəzifəmizdən asılı olmayaraq qiymətlərin balanslı olmasını və artımların nəzərə çarpmamasını istəyərik. Amma elə şeylər var ki, onları uzaqdan silahlanmamış gözlə qiymətləndirmək mümkün deyil. Yanacaqla bağlı artırılan qiymətin nəticələrinə təbii ki, Tarif Şurası bizdən yaxşı nəzarət edəcək. Qərardan 7-10 gün sonra bazarın vəziyyətini bir daha müəyyənləşdirərək, qərarını dəqiqləşdirəcək".Məsələnin ötən gün parlamentin plenar iclasında da geniş müzakirəyə səbəb olduğunu deyən J. Əliyeva bir vətəndaş kimi də mövqeyini bildirib: " Ötən gün iclasda bu məsələ ilə bağlı bir çox fikirlər səsləndirildi. Lakin mənim diqqətimi çəkən bir fikir oldu. Bir vətəndaş kimi təklif irəli sürərdim ki, bəlkə Tarif Şurası bir daha bu məsələyə baxaraq, ucuzlu benzinlərin deyil, daha bahalı benzinin qiymətini artırmaq yolunu tutsun. Bilirsiniz ki, bahalı maşınlar daha bahalı benizinlərdən, ucuz maşınlar isə aşağı qiymətli benzinlərdən istifadə edirlər. Belə olan halda, yaşayış səviyyəsi aşağı olan insanlar üçün ucuz benzinlərin qiyməti əvvəlki kimi qalsın. Təbəqələr arasında qiymət balansı yaradılsın. Düzdür, bu məsələdə kimsə deyə bilər ki, biz burada insan hüququnu pozmuş oluruq. Amma ümumi fikriləşəndə bahalı maşın sürən üçün 15-20 qəpik artım o qədər də təsiredici olmayacaq. Bəlkə biz bunu bu şəkildə tənzimləyək? Bununla insanlar arasında ictimai balansı yaratmaq olar. Təbii ki, bu mənim sadəcə bir təklifimdir və mən bir vətəndaş kimi bu təklifi irəli sürürəm. Amma buna bir mütəxəssis rəyi lazımdır. Son qərar əlbəttə ki, Tarif Şurasınındır".
sia.az