Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir.
Bu sözləri Yaponiyanın "Blue Earth 3.0" internet televiziyasının baş meneceri, professor Masanobu Yamamoto III Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərkən demişdir.
Professor M.Yamamoto belə mötəbər tədbirə dəvətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmiş və Forumun yüksək səviyyədə təşkilini vurğulayaraq demişdir: "Mən ilk dəfə idi ki, Azərbaycanda olurdum. Bu ölkə öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və mehribanlığı ilə yaddaşıma həmişəlik həkk olundu".
Azərbaycan Prezidentinin qlobal səviyyədə düşünməsini, yaranmış imkandan yalnız öz xalqı üçün deyil, dünya xalqlarının da faydalanmasına imkan yaratmasının təqdirəlayiq hal olduğunu vurğulayan professor, bunun müasir dünyada çox nadir hal olduğunu demişdir. Alim qeyd etmişdir ki, dünyanın heç bir ölkəsi belə bir addım atmaq iqtidarında deyildir. Azərbaycan öz karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, onun belə bir addım atması inanılmazdır. Sürətlə inkişaf edən Azərbaycan başqa xalqların da tərəqqisinə çalışır. Biz, dünyanın inkişaf etmiş ölkələri belə bir ağır məsələnin həllində Azərbaycana köməyimizi əsirgəməməliyik. Xüsusən, Forumda iştirak edən sabiq prezidentlər müdriklik göstərərək münaqişənin nizamlanması işinə fəal şəkildə qoşulmalıdırlar. Azərbaycan Prezidentinin Forumdakı nitqini yüksək qiymətləndirən professor demişdir: "Zənnimcə, Prezident İlham Əliyevin Forumda iştirak etməsi, bu tədbirin məqsədləri, həmçinin son illərdə siyasi, iqtisadi və ictimai sahədə ölkədə qazanılmış uğurlar haqqında nitqi tədbirə xüsusi status vermişdir. Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir".
Azərbaycanın sürətli inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edən M.Yamamoto Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin öz memarlıq xüsusiyyətləri ilə onu heyran etdiyini bildirərək demişdir: "Buradakı dizayn, havalandırma və səs sistemləri elə bir yüksək səviyyədə qurulmuşdur ki, mən özümü həqiqətən XXI əsrdə hiss etdim. Mənim qaldığım "Flame Towers" mehmanxanası da öz möhtəşəmliyi ilə insanı heyran edirdi. Onun gecə görüntüləri xüsusilə cəlbedici idi".
Azərbaycanda olduğu dövrdə yerli əhali ilə görüşlərini xatırladan professor onların gələcəyə böyük inamla baxmasının şahidi olduğunu vurğulayaraq demişdir: "Mənə elə gəlir ki, indiki halda Azərbaycan hər şeyə qadirdir. Mən böyük məmnuniyyətlə Azərbaycana yenə səfər edərdim".
Forum çərçivəsində təbiətinin gözəlliyi, insanlarının səmimiyyəti ilə onu heyran edən Lerik rayonuna səfərini böyük məmnuniyyətlə xatırladan M.Yamamoto, xüsusən bu bölgədə yaşayan yaşı 100-dən yuxarı olan insanların onda böyük maraq doğurduğunu bildirərək demişdir: "Lerikə səfər çərçivəsində biz Azərbaycanın bu gözəl, mənzərəli, tarixi bölgəsinin müasir həyat səviyyəsi ilə tanış olduq. Məni ən çox heyrətləndirən buradakı insanların 100 yaşından çox yaşaması haqda məlumat oldu. Mənim hazırda 70 yaşım var və mənə elə gəlir ki, əgər bundan sonra Lerikə köçsəm, daha 70 il yaşaya bilərəm.
Mən qətiyyətlə deyə bilərəm ki, Forum çox yüksək səviyyədə təşkil olunmuşdu. Bir sözlə, şəxsən mənim Azərbaycana ilk səfərim həm beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsinə qatılmaq, həm də bu gözəl ölkə barədə geniş məlumatlar əldə etmək baxımından çox faydalı oldu".
yap.org.az