Avropa İttifaqının Daxili İşlər üzrə Şurasının iclası çərçivəsində "Azərbaycan Respublikası və Avropa İttifaqı və onun iştirakçısı olan Üzv Dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, yerdəyişmə üzrə Tərəfdaşlığa (Mobility Partnership) dair Birgə Bəyannamə Avropa İttifaqının miqrasiya və yerdəyişmə üzrə siyasətinin 4 əsas sütununu: qanuni miqrasiyanın təşviq edilməsi; qeyri-qanuni miqrasiya ilə mübarizə; miqrasiyanın inkişafa təsiri; sığınacaq və beynəlxalq müdafiə çərçivəsində olan münasibətləri tənzim edir.Bu sənəd, Azərbaycanın miqrasiya siyasətinin idarə olunması imkanlarını gücləndirməklə, insanların daha asan və rahat şəraitdə miqrasiyasının təmin olunması üçün səmərəli mexanizmdir. Belə ki, bu sənəd özündə qanuni miqrasiyanın hüquqlarının müdafiəsi, potensial miqrantların Aİ ölkələrinə qanuni miqrasiyası və orada işlə təmin olunma yolları və xaricdə təhsil barədə məlumatlandırılmaları, potensial miqrantların köç etməzdən əvvəl peşə və dil təlimlərinin təmin edilmələri, əmək bazarı imkanlarının müqayisə edilməsi, tələbə, tədqiqatçı, mütəxəssislərin mübadiləsinin eləcə də təlim, mübadilə və iş proqramlarının gücləndirilməsi, miqrantların könüllü qayıdış və reinteqrasiyasının təmin edilməsi, qayıdan miqrantların sosial müdafiəsi, xaricdə yaşayan Azərbaycanlılarla münasibətlərin gücləndirilməsi, ölkəyə sərmayə axınının təşviq edən proqramların dəstəklənməsi, yüksək ixtisaslı miqranlatın könüllü qayıdışının təşviq edilməsi yolu ilə "beyin axınının" qarşısının alınması, qarşılıqlı konsulluq müdafiəsinin gücləndirilməsi, viza məsələləri üzrə dialoqun təşviqi və digər münasibətlərin tənzim olunmasını ehtiva edir.Bununla yanaşı, qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə və bu sahədə səmərəli mexanizmin yaradılması, sərhəd idarəçiliyinin gücləndirilməsi, transsərhəd əməkdaşlığının inkişafı, şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyinin gücləndirilməsi, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə məlumat mübadiləsi və beynəlxalq müdafiənin təmini imkanlarının gücləndirilməsi, tərəfdaş dövlətlərlə miqrasiya üzrə məlumat bazasının təkmilləşdirilməsi və yenilənməsi və miqrasiyanın monitorinqi imkanlarının artırılması, miqrasiya sahəsində Azərbaycanın yerli qurumları ilə Avropa İttifaqının müvafiq təsisatları arasında əməkdaşlıq imkanlarını genişlənəcəkdir.Qeyd edək ki, bu sənəd Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında bu il ərzində imzalanmış ikinci önəmli müqavilədir. Xatırladırıq ki, 29 noyabr 2013-cü il tarixində Vilnüsdə "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Sazış" imzalanıb. Beləliklə, 2013-cü ilin yekunlarına nəzər yetirsək, Azərbaycanla Aİ arasında münasibətlərin inkişaf dinamikasını müşahidə etmək mümkündür.
sia.az