PDF Oxu

Siyasət

  • 60

Heydər Əliyev Universitetinin növbəti məşğələsi Ulu Öndərin anım gününə həsr olunmuşdur

Heydər Əliyev Universitetinin növbəti məşğələsi Ulu Öndərin anım gününə həsr olunmuşdur

Naxçıvan Dövlət Universitetində (NDU) Heydər Əliyev Universitetinin 175-ci məşğələsi keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyev idealları və müasir Azərbaycan" mövzusundakı məşğələdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunmuşdur.

NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, rektor, professor Saleh Məhərrəmov məşğələdə çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında, Azərbaycanın güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, ölkəmizin dünyada tanınmasında misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilmiş, dünya siyasət arenasında layiqli mövqe tutmuşdur. Vurğulanmışdır ki, Heydər Əliyev irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması Azərbaycanın perspektiv inkişafı baxımından olduqca vacibdir.

NDU-nun tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev mövzu ilə bağlı məruzəsində bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkədə siyasi anarxiya və xaosun hökm sürdüyü, xarici qüvvələrin və daxili seperatçıların təhriki ilə vətəndaş müharibəsi və milli parçalanma təhlükəsinin yarandığı bir şəraitdə yenidən hakimiyyətə gələrək xilaskarlıq və liderlik missiyasını öz üzərinə götürmüşdür. Dahi rəhbər xalq və hakimiyyət yekdilliyinə yönəlmiş, müstəqil, azad və demokratik ölkənin mənafelərini qoruyan, Azərbaycançılıq ideologiyasını təbliğ edən və yayan qətiyyətli siyasəti ilə əbədilik qazanmışdır.

Bildirilmişdir ki, ölkədə milli ideologiyanın formalaşması, dövlətimizin məqsədyönlü, uğurlu xarici və daxili siyasət kursunun, güclü iqtisadiyyatın əsasının qoyulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

"Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan XXI əsrə sivil, hüquqi, demokratik dövlət kimi qədəm qoymuşdur", – deyən məruzəçi qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə xalqımız bu siyasətin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişdir.

AzərTAc

Digər xəbərlər