Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının iştirakçıları üçün möhtəşəm muğam axşamı təşkil edilmişdir. Gecədə Xalq Artisti, UNESCO mükafatçısı görkəmli muğam ustası Alim Qasımov və qızı- Əməkdar Artist Fərqanə Qasımova eyni səhnəni birgə, lakin fərqli, həm də yeni forma və məzmunda bölüşmüşlər.
Onların ifasında təqdim olunan "Şur" muğam dəstgahı alqışlarla qarşılanmışdır.
Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi sərvətinə çevrilmişdir. Keçən əsrin 70-ci illərindən başlayaraq UNESCO Azərbaycan muğam sənətini "kəşf etmişdir". 1975-ci ildə Azərbaycan muğamları UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılmışdır. 2003-cü ildə isə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısına daxil etməklə, bir daha muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etmişdir.
Əgər bu gün UNESCO muğam ustası Alim Qasımovu dünyanın yüzlərlə, minlərlə ifaçısı arasından seçib ən yüksək mükafata layiq görürsə, bu, muğamın, Şərqin, Azərbaycanın uğurudur. Xatırladaq ki, sənətkar 1999-cu ildə Beynəlxalq "IMC UNESCO" Musiqi Mükafatını almışdır. O, həmçinin ABŞ-ın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında dörd azərbaycanlıdan biri olmuşdur.
Bir sözlə, Azərbaycan muğamı Xalq Artisti Alim Qasımovun ifasında daha geniş üfüqlərə yol açmış, tanınmağa, sevilməyə və böyük zirvələri fəth etməyə başlamışdır. Elə dekabrın 7-də keçirilən muğam gecəsində olduğu kimi...
yap.org.az