"Azərbaycanda insan kapitalının formalaşdırılmasına böyük həcmdə investisiya yatırılmalıdır. Maddi kapitalın insan kapitalına çevirilməsi üçün bütün imkanlardan istifadə olunmalıdır". Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, inkişaf etmiş bütün ölkələrdə insan kapitalının yaradılmasına böyük investisiya yatırılır. Çünki bu sahəyə qoyulan investisyalar 6-8 dəfədən artıq gəlir əldə olunmasına imkan verir. Onun sözlərinə görə, bu səbəbdən qarşıdakı illərdə insan kapitalının formalaşdırılması iqtisadiyyatın əsasını təşkil etməlidir, bu sahəyə ciddi diqqət ayrılmalıdır.
"Bu sahəyə qoyulan investisiyalar 5-7 dəfə artırılmalıdır. Azərbaycanda oturuşmuş iqtisadiyyat var və biz növbəti mərhələ haqda fikirləşməliyik. Növbəti illərdə büdcə layihəsi hazırlananda əsas investisiya insan kapitalının formalaşdırılmasına yönəldilməlidir. Çünki insan kapitalının formalaşdırılması elm, təhsil, səhiyyə və innovasiyaların inkişafı deməkdir"- deyə, B.Əliyev qeyd edib.
yap.org.az