PDF Oxu

Siyasət

  • 65

Dövlətin növbəti uğurlu büdcəsi xalqın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir

Dövlətin növbəti uğurlu büdcəsi xalqın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir

İlham Əliyev: "Sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək, yeni keyfiyyət mərhələsinə daxil olmuş və daha da güclənmişdir. Bu gün ölkəmizin ümumi daxili məhsulunun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 10 ilə yaxın müddətdə əhalinin maddi rifah halının və yaşayış, eləcə də, məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir.

Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də, respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

10 ildə 1 milyon 100

mindən çox yeni iş yeri açılıb, yoxsulluq həddi 44 faizdən 5,6 faizə enib

Son 10 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Fikrimizin təsdiqi kimi, Prezident İlham Əliyevin dövlət büdcəsindən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında müvafiq sərəncamlar imzalamasını misal göstərə bilərik. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin uğurla reallaşdırılması nəticəsində ötən 10 ildə 1 milyon 100 mindən çox yeni iş yeri açılmış, ciddi sosial bəla kimi özünü göstərən işsizlik problemi əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Yoxsulluq həddi 44 faizdən 5,6 faizə enmişdir. Gənc ailələrin mənzillə təminatı üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

"Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır", - deyən ölkə başçısı respublikamızda sosial dövlət prinsipinin uğurla reallaşdırılmasını belə ifadə etmişdir: "Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir".

Ümumiyyətlə, bütün bunlar isə o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.

R.KAMALQIZI

Digər xəbərlər