"Azərbaycanda ötən illər ərzində vəkillik institutunun inkişafı ilə bağlı çox ciddi tədbirlər görülüb". Bu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, bu yöndə müasir qanunvericilik var, vəkillər test üsulu ilə işə qəbul olunurlar, onların peşəkarlığı artır. Onun sözlərinə görə, hazırda vəkillik fəaliyyətinə maraq həddindən daha çox artıb:
"Çox təqdirəlayiq haldır ki, gənc insanlar-hüquqşünaslar indi bəzən hüquq-mühafizə orqanlarına deyil, məhz vəkilliyə daha çox üz tuturlar. Amma əlbəttə ki, Azərbaycanda vəkillərin sayı kifayət qədər deyil. Vaxtilə bu problem hakimlərlə də bağlı mövcud idi. Hətta, hakimlərin sayına görə biz Avropa Şurasına üzv olan ölkələr arasında son yerlərdəydik. Ancaq görülən işlər, aparılan islahatlar nəticəsində indi bu məsələdə kifayət qədər yaxşı göstəricilərə malikik. Bu baxımdan hesab edirəm ki, bu sahədə də islahatları, işləri davam etdirməliyik və vəkillərin sayı indikindən daha çox olmalıdır"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az