Pekində yazıçı Hüseynbala Mirələmovun və Viktor Andriyanovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabının Çin dilində nəşrinin təqdimatı olmuşdur.
Çin Xalq Respublikasının (ÇXR) Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin binasında təşkil edilən mərasimdə Çinin xarici işlər nazirinin müavini Çen Quopin, Cəmiyyətin sədr müavini Li Cianpin, Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri Gan Dequan, Çin Kommunist Partiyasının məsul şəxsləri, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın Pekindəki səfirləri, diplomatlar, elm adamları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Müəllif, Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov ilə yanaşı, Milli Məclisin deputatları Aydın Mirzəzadə və İlham Məmmədov da tədbirdə iştirak etmişlər.
Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilmiş bu layihə Çin ictimaiyyətini görkəmli dövlət xadimi Heydər Əliyev haqqında daha geniş məlumatlandırmaq, çinli oxucuları Ulu Öndərin siyasi fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyır.
Səfirliyin ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunmuş kitabın nüsxələri Çinin elmi tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndəriləcəkdir.
Kitabın Çin dilində olan nəşrinə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov və Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri, Çin xarici işlər nazirinin sabiq müavini Gan Dequan ön söz yazmışlar.
Təqdimat mərasimində çıxış edənlər görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Ulu Öndərin Azərbaycan-Çin münasibətlərinin inkişafına diqqətindən söz açmışlar. Bildirilmişdir ki, sözügedən kitab çinli oxucuların dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsini daha yaxından öyrənmələri üçün dəyərli mənbə olacaqdır.
AzərTAc