PDF Oxu

Siyasət

  • 69

Heydər Əliyev Mərkəzində bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin təqdimatı olmuşdur

Heydər Əliyev Mərkəzində bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin təqdimatı olmuşdur

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filminin premyerası olmuşdur.

Ekran əsərinin nümayişindən əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə "Arşın mal alan" filmi və bu filmin bərpa olunmasının əhəmiyyəti barədə çıxışının video görüntüsü yayımlanmışdır: "Müasir texnika, texnologiya imkan verir ki, film yarandığı kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır. "Arşın mal alan" filmi Azərbaycan mədəniyyət tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film daim yaşamalıdır. O film yaşamalıdır ki, gələcək nəsillər Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu görsün, Rza Təhmasibin nə qədər böyük rejissor olduğunu görsün, Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu görsün".

Daha sonra tamaşaçılar bərpa olunmuş və rənglənmiş "Arşın mal alan" filmini izləmişlər.

Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmişdir. Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol almışlar.

"Arşın mal alan" filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan "Hollywood"da bərpa edilərək rənglənmişdir. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışmışdır. Onların arasında "Oskar" mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olmuşdur.

yap.org.az

Digər xəbərlər