Əli Əhmədov: "Nə qədər ki Azərbaycan var, Heydər Əliyev daima anılacaq"
Bu gün Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi dahi şəxsiyyəti anıb. SİA-nın məlumatına görə, anma mərasimində Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavini Siyavuş Novruzov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalubov, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri, ziyalılar və digər şəxslər iştirak ediblər.Mərasimi giriş nitqi ilə açan Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, Ümummili lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ədalətli lider kimi qəbul olunub: "Hər bir Azərbaycan vətəndaşının, xalqının qəlbində ədalətli lider obrazı formalaşıb. Heydər Əliyev tək lider deyil, o eyni zamanda sədaqətli ailə başçısı idi. Ulu öndər Azərbaycanın inkişafı yoluna işıq saçan mayak idi. Bütün Azərbaycan xalqı, vətəndaşları xalqımızın böyük və dahi oğlu Heydər Əliyevin əziz xatirəsini yüksək tutur. Ölkəmizdə baş verən inkişaf və xalqımızın həyatında yaranan bu yeniliklər dahi şəxsiyyətin qurduğu Azərbaycan dövləti, cəmiyyəti ilə bilavasitə əlaqədardır. Bu gün Azərbaycanın hər bir vətəndaşı müstəqil Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri hesab edir. Bununla belə Ulu öndərin ideyaları, onun müəyyənləşdirdiyi siyasət bu günün özündə də dahi şəxsiyyətin vəfatının 10-cu ildönümündən sonra da həyatımızda bizi müşahidə etməkdədir. Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi üzərinə işıq salan möhtəşəm mayak Heydər Əliyev, onun ideyaları və siyasətidir. Nə qədər ki Azərbaycan var Heydər Əliyev daima anılacaq. Çünki Heydər Əliyev elə bir qüdrətli Azərbaycan dövləti yaradıb ki, bu dövlət daima yaşayacaq".Əli Əhmədov deyib ki, Ulu öndərin ideyalarının bu gün onun varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi bizləri sevindirir: "Bu gün də ölkə başçısının həyata keçirdiyi Heydər Əliyev siyasəti Azərbaycana uğurlar və faydalar gətirir. Məhz buna görə də dahi şəxsiyyətin siyasəti yaşayır və yaşadıqca ölkəmizə, cəmiyyətimizə, insanlarımıza faydalar gətirir. Təbii ki, buna görə də hər bir azərbaycanlının qəlbində böyük və heç bir zaman sönməyən Heydər Əliyev sevgisi var".Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev söz alaraq dahi şəxsiyyətin həyat və fəaliyyəti, onun Azərbaycanın inkişafı istiqamətindəki səylərindən danışıb. Diqqətə çatdırıb ki, dahi şəxsiyyət bütün fəaliyyətində sənətçilərə, sənət adamlarına böyük diqqət və qayğı göstərib. Heydər Əliyev Azərbaycanın mənəvi sərvətidir. Onun gördüyü hər bir iş Azərbaycan vətəndaşları tərəfindən müsbət qarşılanıb. Bu siyasi kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".Mərkəzi Bankın sədri Elman Rüstəmov isə deyib ki, Ümummilli lider Heydər Əliyev irsinə bütöv yanaşmaq lazımdır: "Dahi şəxsiyyət hakimiyyətə gəldiyi illərdə ölkənin iqtisadiyyatı inkişaf etdi və iqtisadi göstəricilər inanılmaz dərəcədə müsbətə doğru dəyişdi. 300-dən çox müəssisə tikildi və regionlarımızın inkişafı istiqamətində layihələr həyata keçirildi".Sonda isə Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov, millət vəkili Fəttah Heydərov çıxış edərək dahi şəxsiyyətlə bağlı dəyərli fikirlərini bölüşüblər.Qeyd edək ki, tədbirdən öncə YAP rəhbərliyi Fəxri Xiyabana gələrək, Ümummilli Lilder Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar. Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.
sia.az