"Ulu Öndərimizin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev mətbuata atalıq qayğısı göstərir"
"Ulu Öndər tərəfindən mətbuatda senzuranın ləğv edilməsi, demokratik ənənələrin yaşamasına bir töhfə oldu". SİA-nın məlumatına görə, bu sözləri "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Ulu Öndərin anım günü ilə bağlı Azərbaycan Dövlət Televiziyasında çıxışı zamanı deyib. O bildirib ki, senzura Sovet psixologiyası, kommunizm ideologiyasından qalan bir çərçivə idi və 1993-cü ildən bu mexanizm ümumiyyətlə işləmirdi.Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra mətbuatda senzura mexanizminin dondurulduğunu deyən baş redaktorun sözlərinə görə, rəsmi olaraq bu mexanizm 1998-ci ildə Ümummilli Liderin göstərişi əsasında tamamilə ləğv edildi: "Deyirlər ki, mətbuat cəmiyyətin güzgüsüdür. Bu güzgü tam şəffaf olmalıdır. Burada obyektiv tənqidlər görülməli, araşdırmalar verilməli, lazım gələndə isə hansısa çatışmazlıqlar qabarıq şəkildə göstərilməlidir. Bu, bilvasitə mətbuatın işidir. Senzuranın ləğvi də məhz mətbuatın demokratik ənənələrinə, inkişafına töhfə vermiş oldu".B. Quliyev qeyd edib ki, Ümummilli Lider mətbuat nümayəndələrinə həm də vətəndaşlıq hissinin tərənnümünü öyrədib: "Ən vacib nüans ondan ibarətdir ki, Sovet çərçivəsindən, ideologiyasında çıxan mətbuat hələ də müstəqilliyin nə olduğunu tam dərk edə bilmirdi. Lakin Ümummilli Liderin hakimiyyətə gəlməsi ilə mətbuatın müstəqil və demokratik formalaşma dövrünə addım atıldı. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra mətbuatın inkişafı üçün doğru istiqaməti göstərdi. Ulu Öndər Heydər Əliyev hər görüşdən sonra jurnalistlərin suallarını cavablandırır, onları dinləyir, lazımi istiqamətləri verirdi. Bütün bunlarla yanaşı, Dahi Lider mətbuat nümayəndələrinə vətəndaşlıq hissinin tərənnümü və Azərbaycançılıq ideologiyasının hansı formada təbliğ edilməsini öyrədib. Bu, o dövr üçün çox böyük hisslər idi. Ulu öndər, təkcə "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" tezisi ilə bildirirdi ki, bundan sonra Azərbaycançılıq ideologiyasına başlanmalı, gənclərimizə, uşaqlarımıza vətəndaşlıq, vətənpərvərlik hissi öyrədilməlidir".Çıxışı zamanı B. Quliyev onu da vurğulayıb ki, 140 yaşı olan mətbuatımız inkişaf səviyyəsinə görə, hazırda ən yüksək səviyyədədir: "Buna səbəb bünövrəsi Ulu Öndər tərəfindən qoyulan ənənənin bütün sahələrdə olduğu kimi, mətbuatda və onun inkişaf sahəsində də uğurla davam etməsidir. Cənab Prezidentimiz 10 il müddətində öz siyasəti ilə göstərdi ki, demokratik cəmiyyətin inkişafında maraqlıdır. Mən deyərdim ki, Ulu Öndərimizin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev mətbuata atalıq qayğısı göstərir. Prezident İlham Əliyev mətbuata maliyyə dəstəyi göstərməklə yanaşı, bütün resurslarını mətbuatın inkişafına səfərbər edir. Amma gəlin görək, mətbuat da bunun müqabilində bu inkişafla ayaqlaşa bilirmi? Ona görə də hesab edirəm ki, mətbuat bu inkişafa qoşulmalı və buna cavab olaraq addımlar atmalıdır".
sia.az