PDF Oxu

Siyasət

  • 61

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünü qeyd edir

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünü qeyd edir

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı seminar keçirmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələrinin qatıldıqları seminarda Dubay hökumətinə məxsus ərəbdilli "Al-Bayan" qəzetinin redaktoru da iştirak etmişdir.

Qəzetin 11 dekabr tarixli nömrəsində seminarla bağlı geniş məqalə dərc edilmişdir.

Məqalədə bildirilir ki, seminarı açan "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır.

Samir İmanov bildirmişdir ki, bu gün Azərbaycanın təkcə regionda deyil, bütün dünyada xüsusi yeri vardır. Ölkənin son illərdə qazandığı nailiyyətləri sırasına 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Bu nailiyyətlərin bünövrəsi Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuşdur.

"Azərbaycan" Cəmiyyətinin sədri demişdir ki, Heydər Əliyev dahi siyasətçi, bənzəri olmayan bir şəxsiyyət idi. Məhz onun yorulmaz səyləri nəticəsində "Azərbaycan" və "Azərbaycanlı" sözləri dünyada böyük dəyər kəsb etməyə başlamışdır. Ulu Öndər dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin edilməsinə nail olmuşdur.

S.İmanov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev İslam dünyası və ərəb ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verirdi. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın həm Avropa, həm də Asiya ölkələri ilə əlaqələrinin balanslaşdırılmış əsasda qurulmasını təmin etmişdir. Ümummilli Lider ərəb ölkələri ilə güclü bazası olan siyasi, iqtisadi, elmi, mədəni əlaqələr yaratmış və bu əlaqələri möhkəmləndirmişdir.

S.İmanov demişdir: "Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, İslam Əməkdaşlıq Təşkilatının əsas vəzifəsi İslam dünyasında həmrəylik və birliyə nail olmaq, qlobal əhəmiyyətli məsələlərin həllində çoxtərəfli əməkdaşlığı genişləndirmək, İslam sivilizasiyasını qorumaq, müsəlman ölkələrinin üzləşdiyi problemlərin həllində çevik siyasi və diplomatik addımlar atmaqdan ibarətdir. Ümummilli lider Heydər Əliyev Ərəb ölkələri və bütövlükdə müsəlman dünyası ilə əlaqələrə iki prizmadan baxırdı: Azərbaycan ilə İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, müsəlman dünyasında təmsil olunan bütün dövlətlər və xalqlar arasında əlaqələrin, birlik və həmrəyliyin güclənməsi və təşviqi. Buna görə də Ulu Öndər müsəlman dövlətləri arasında ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsini və dünyada müsəlmanların maraqlarını müdafiə edəcək bu ölkələrin vahid mövqeyinin qəbul olunmasını zəruri hesab edirdi".

"Azərbaycan" Cəmiyyətinin sədri bildirmişdir ki, milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və təbliğini əsas vəzifələrdən biri hesab edən Ulu Öndər Sovet İttifaqı dövründə İslama qarşı olan qərəzli münasibəti həmişə təəssüf hissi ilə qeyd edirdi.

S.İmanov demişdir ki, ümummilli lider Heydər Əliyev həmişə çıxışlarında Azərbaycanın Avropa və Asiya, Qərb və Şərq sivilizasiyaları arasında körpü olduğunu bildirirdi. "Azərbaycan" Cəmiyyətinin sədri, həmçinin diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalənin tam mətni ilə http://www.albayan.ae/one-world/overseas/2013-12-10-1.2018005linkindən tanış olmaq mümkündür.

AzərTAc

Digər xəbərlər