Dekabrın 11-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Mərkəzdəki büstü önünə gül dəstələri qoymuşlar.
Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev dahi şəxsiyyət Heydər Əliyevin istər Sovet İttifaqı, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmış, ölkəmizin qazandığı bugünkü uğurların məhz Ulu Öndərin siyasətinin nəticəsi olduğunu söyləmişdir.
Milli Məclisin deputatı Nizami Cəfərov ulu öndər Heydər Əliyevin ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır. O bildirmişdir ki, Heydər Əliyevin zəngin irsinin bundan sonra da dərindən öyrənilməsinə ehtiyac vardır.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov Ümummilli Liderin ölkəmizdə elmin və təhsilin inkişafı üçün gördüyü böyük işlərdən danışmışdır.
Xalq Artisti Məleykə Əsədova tədbirdə ulu öndər Heydər Əliyevlə bağlı şeir oxumuşdur.
Tədbirdə Ulu Öndərə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilmişdir.
AzərTAc