Dekabrın 11-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Ulu Öndərə həsr olunmuş, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr edilmiş kitablara baxış keçirilmişdir.
Daha sonra YAP Binəqədi rayon təşkilatının qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulmuşdur.
Anım mərasimi Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı akt zalında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı "Nurlu ömrün anları" bədii kompozisiyasının nümayişi ilə davam etmişdir.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev mərasimdə çıxış edərək Ümummilli Liderin irsinin əhəmiyyətindən danışmış, bu irsin dərindən öyrənilməsinin və təbliğinin zəruriliyini vurğulamışdır.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndərin keçdiyi mənalı ömür yolundan, zəngin təcrübəsindən, Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışmışdır. O vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev memarı və qurucusu olduğu Azərbaycan dövlətinin inkişafına verdiyi misilsiz töhfələrə görə xalqın qəlbində ümummilli liderlik zirvəsinə yüksəlmişdir.
AzərTAc