Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Misirin nüfuzlu "Əxbar əl-yaum" internet səhifəsində Vardə Hüseyninin məqaləsi verilmişdir.
V.Hüseyni Azərbaycan xalqının hər il dekabrın 12-də öz Ümummilli Liderinin xatirəsini yad etdiyi, 1994-cü ildə Heydər Əliyevin Qahirəyə səfəri ilə Azərbaycanla Misir arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığı barədə məlumat vermişdir.
2008-ci ilin fevral ayında Misirin Qalyubiyya bölgəsinin Qanatır şəhərindəki Heydər Əliyev küçəsində açılmış Azərbaycan-Misir dostluq parkının iki xalqın dostluq əlaqələrinin rəmzi sayıldığını qeyd edən müəllif, həmçinin parkda ümummilli lider Heydər Əliyevin heykəlinin ucaldığını və bunun ona olan ehtiramı əks etdirdiyini bildirmişdir.
Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycanda vəziyyətin çətinliyindən, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı düşmən və işğalçı mövqeyindən, digər tərəfdən ölkənin ağır iqtisadi böhran yaşamasından bəhs olunmuşdur. Müəllif ölkəni düşdüyü böhrandan çıxarmaq üçün 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışını və onun müdrik siyasəti sayəsində Azərbaycanın parlaq gələcəyə doğru addımladığını və qısa zaman ərzində dövlətin əsaslarının gücləndirildiyini, Ermənistanla müharibənin dayandırıldığını, "Əsrin müqaviləsi"nin imzalandığını və sürətli inkişaf nəticəsində yüksək nailiyyətlərin əldə olunduğunu vurğulamışdır.
Məqalədə bu böyük şəxsiyyətin xalqın düşüncəsində və xatirəsində əbədi yer tutduğu, Azərbaycanın rəmzi sayıldığı bildirilmişdir.
AzərTAc