Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
YAP fəallarının, ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilən tədbirdə çıxış edən partiyanın rayon təşkilatının sədri Almaz Həşimova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir.
Digər çıxış edənlər də dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini ətraflı təhlil etmiş, onun xilaskarlıq missiyasından danışmışlar. Bildirilmişdir ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir.
AzərTAc